AZ

Akif Nəsirli: “Azərbaycanın kənd təsərrüfatında əsas problemlərdən biri yüksək istehsal xərcləridir”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda ümumi süd istehsalı həcminin 2030-cu ilədək 10 faiz, ət istehsalının 20 faiz artırılması nəzərdə tutulub.

Bizimyol.info xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O vurğulayıb ki, ət istehsalında özünütəminetmə səviyyəsinin 100 faizə çatdırılması qarşımıza əsas məqsəd kimi qoyulub:

“Eyni mənzərə qoyunçuluq üçün də nəzərdə tutulub. Qoyunçuluq istiqamətində yarımintensiv təsərrüfatların yaradılması nəzərdə tutulur və bunun sayəsində məhz ümumi məhsul istehsalının 9% artırılması və özünütəminatın 101%-ə çatdırılması hədəflənib. Qeyd edim ki, quşçuluq məhsulları ilə bağlı bugünkü özünütəminetmə səviyyəsi 82 faizdir, 100 faizə çatdırılması əsas hədəf olaraq müəyənləşdirilib. İstehsalın isə 30% artırılması nəzərdə tutulur. Burada əsas görüləcək tədbirlər yeni quşçuluq damlarının, yeni kəsimxanaların yaradılmasıdır və müvafiq olaraq damazlıq işinin təşviq edilməsidir”.

Özünütəminetmə 100%-ə çatdırılarsa, bu məhsul qiymətlərinə necə təsir edəcək? Bu artım tempi ölkənin kənd təsərrüfatı potensialına uyğundurmu?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, uzunmüddətli dövrdə qiymətlərin daha sabit qalmasına müsbət təsir mümkündür: “Əgər ət, süd və quş əti üzrə özünütəminetmə səviyyəsi həqiqətən 100 faizə çatdırılarsa, bu, ilk növbədə bazarın idxaldan asılılığını azalda bilər. İdxalın azalması isə xarici bazarlardakı qiymət dəyişikliklərinin daxili bazara təsirini zəiflədə bilər. Bu baxımdan uzunmüddətli dövrdə qiymətlərin daha sabit qalmasına müsbət təsir mümkündür. Amma bu, avtomatik olaraq məhsulların ucuzlaşacağı anlamına gəlmir. Çünki Azərbaycanda kənd təsərrüfatında əsas problemlərdən biri yüksək istehsal xərcləridir. Yem, dərman, damazlıq materialı və bəzi texnologiyalar hələ də idxaldan asılıdır. Yanacaq, logistika və saxlanma xərcləri də yüksəkdir. Ona görə istehsal artsa belə, maya dəyəri aşağı düşməzsə, qiymətlərdə ciddi ucuzlaşma gözlənilmir. Ən real nəticə qiymətlərin daha stabil olması və kəskin bahalaşmaların azalması ola bilər”.

Akif Nəsirli həmçinin deyib ki, süd və ət sahəsində məhsuldarlığın artması üçün illərlə davam edən damazlıq və yem bazası siyasəti lazımdır: “Artım tempinə gəldikdə isə, nəzərdə tutulan rəqəmlər tam qeyri-real görünmür, amma kifayət qədər iddialıdır. Azərbaycanın müəyyən kənd təsərrüfatı potensialı var, xüsusilə örüş sahələri, heyvandarlıq ənənəsi və daxili bazarın mövcudluğu üstünlük hesab olunur. Ancaq su çatışmazlığı, yem bazasının zəifliyi, kiçik və pərakəndə təsərrüfatların çoxluğu, məhsuldarlığın aşağı olması kimi problemlər qalır.

Məsələn, quşçuluqda 82 faizdən 100 faizə çatmaq texniki baxımdan mümkündür, amma bunun üçün yeni fabriklər, damazlıq təsərrüfatları və yem istehsalı paralel inkişaf etməlidir. Əks halda istehsal artsa belə, maya dəyəri yüksək qalacaq. Süd və ət sahəsində isə proses daha mürəkkəbdir, çünki burada məhsuldarlığın artması üçün illərlə davam edən damazlıq və yem bazası siyasəti lazımdır”.

Akif Nəsirli əlavə edib: “Reallıqda nəticə daha çox idarəetmənin keyfiyyətindən, subsidiyaların düzgün bölüşdürülməsindən və fermerlərin real dəstək alıb-almamasından asılı olacaq. Yalnız rəqəmsal hədəflər müəyyən etmək kifayət deyil, onların arxasında dayanan infrastruktur və iqtisadi mexanizmlər də işləməlidir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr