Paytaxt Bakının ən çox ziyarət edilən ictimai, həmçinin təhlükəsiz məkanlarından biri olan Dənizkənarı Milli Park ərazisində gimnastika məşqçisi N.Kərimovaya qarşı baş vermiş nalayiq hərəkət və bundan doğan insident haqlı olaraq cəmiyyətdə ciddi narahatlıq doğurub. Gündüz saatlarında baş verən hadisə təkcə bir vətəndaşa qarşı yönəlmiş xuliqanlıq əməli deyil, eyni zamanda ictimai təhlükəsizlik, etik davranış normaları və vətəndaş münasibətləri baxımından da xüsusi həssaslıq tələb edən məsələ kimi diqqət çəkir.
Hadisənin ciddi rezonans doğurmasının əsas səbəbi isə belə halların mental dəyərlərimizə zidd olmasdır. Yəni olay cəmiyyətimizin ümumi dəyərlər sisteminə xas deyil, nadir hallarda yaşansa da, utancvericidir və haqlı şəkildə kəskin ictimai qınaq doğurur. Söhbət Azərbaycan qızından, xanımından gedir. Cəmiyyətimizi fərqləndirən ən gözəl xüsusiyyətlərdən biri məhz tarixən yüksək mənəvi dəyərlərə, qadına hörmət və ictimai davranış mədəniyyətinə əsaslanan sosial münasibətləri ilə seçilməsidir. Qadına qarşı üslubda ən nalayiq ifadə və iyrənc cəhd xalqımızın xarakterinə və cəmiyyətimizin sağlam sosial mühitinə yad olan davranış təzahürləridir. Bizim toplumumuzda belə xoşagəlməz davranışlar heç vaxt kütləvi xarakter ala bilməz və bilmir. Təkzibolunmaz faktdır ki, bu kimi neqativ hadisələr ölkəmizdə sistemli və geniş yayılmış problem deyil.
Baş verən hadisədə vətəndaş həssaslığının xüsusi rolu da diqqətdən yayınmır. Məlumata görə, ərazidən keçən bir gənc kişinin müdaxiləsi gənc qadının daha ciddi təhlükə ilə üzləşməsinin qarşısını alıb. Bu isə cəmiyyətimizdə qadının namusunu qorumaq instiktinin hələ də var olduğunu, həmrəylik və yardımsevərlik hissinin güclü olmasını ortaya qoyur.
Zərərçəkənin açıqlamasına əsasən, o, fiziki təmas, təhqir və təhdid xarakterli hərəkətlərlə üzləşib, daha sonra isə həyat və sağlamlığı üçün təhlükə yarada biləcək aqressiv davranışlara məruz qalıb. Xüsusilə hadisə zamanı kəsici-deşici alətin nümayiş etdirilməsi baş vermiş insidentin təhlükəlilik dərəcəsini artıran əsas amillərdən biridir. Təbii ki, bütövlükdə cəmiyyət tərəfindən qəbuledilməz hesab olunan təhlükəli hadisəyə dərhal hüquqi müstəvidə prinsipial yanaşma sərgilənməli idi. Belə də oldu. Hüquq-mühafizə orqanlarının çevik və peşəkar müdaxiləsinin şahidi olduq. Bu, ilk növbədə ictimai təhlükəsizliyin və asayişin yüksək səviyyədə qorunmasının bariz nümunəsi idi. Polisin nümayiş etdirdiyi operativlik və peşəkar fəaliyyət cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən qısa müddət ərzində müəyyən edilərək saxlanılıb. Onun üzərindən bir neçə soyuq silah hesab edilən kəsici-deşici alətin aşkarlanması hüquq-mühafizə tədbirlərinin vaxtında həyata keçirilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.
Bu hadisə bir daha təsdiq edir ki, ictimai təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində polis orqanları tərəfindən həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Polis əməkdaşlarının çevik reaksiyası, peşəkarlığı və qısa müddətdə nəticə əldə etməsi vətəndaşların dövlət institutlarına olan etimadının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri kimi tanınmasında hüquq-mühafizə orqanlarının, xüsusilə də polisin fəaliyyəti danılmaz rol oynayır. İctimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və qanun pozuntularına qarşı çevik müdaxilə ölkədə sabitliyin əsas dayaqlarından biridir. Xüsusilə belə hallarda polisin nümayiş etdirdiyi peşəkarlıq və operativlik cəmiyyətin təhlükəsizlik mühitinə olan etimadını daha da gücləndirir.
Hər bir vətəndaş bilməlidir ki, qadına qarşı zorakılıq, təhdid və ya qeyri-etik davranış heç bir halda qəbul edilə bilməz və qanun qarşısında cavabsız qalmaz. Təhlükəsiz və sağlam cəmiyyət yalnız qanunun aliliyi, ictimai həssaslıq və qarşılıqlı hörmət üzərində qurula bilər.

Elman BABAYEV - Əməkdar jurnalist