AZ

İran yüksək zənginləşdirilmiş uranı utilizasiya etməyə prinsip etibarilə razılıq verib

Ağ Ev Tehranla nüvə sazişi üzrə detalları dəqiqləşdirildiyini bildirib...

İran yüksək zənginləşdirilmiş uranın utilizasiyası məsələsində prinsip etibarilə razılıq nümayiş etdirib.

Poliqon xəbər verir ki,bu barədə ABŞ administrasiyasının nümayəndəsinə istinadən CBS News telekanlı məlumat yayıb. Məlumata görə, Vaşinqton və Tehran arasında mövqelərin yaxınlaşmasına baxmayaraq, yaxın günlərdə yekun sazişin imzalanması hələlik az ehtimal olunur.

ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib ki, Vaşinqton hesab edir, İranın ali dini lideri Müctəba Xamenei təqdim olunan saziş layihəsini prinsip etibarilə təsdiqləyib. Bununla belə, hər hansı sənədin imzalanmasından əvvəl tərəflər arasında yekun razılaşmanın əldə olunması vacib sayılır.

Rəsmi şəxsin sözlərinə görə, ABŞ İranın yüksək zənginləşdirilmiş uranı utilizasiya etməyi öhdəsinə götürməsini, həmçinin digər nüvə problemlərinin həlli ilə bağlı konkret addımlar atmasını istəyir. Administrasiya nümayəndəsi əlavə edib ki, Vaşinqton hazırda müzakirə edilən sazişi 2015-ci ildə ABŞ-nin keçmiş prezidenti Barak Obama dövründə imzalanmış nüvə razılaşmasından daha əlverişli hesab edir. Bildirilir ki, həmin saziş uranın müəyyən səviyyəyə qədər zənginləşdirilməsinə icazə verirdi.

Mənbənin məlumatına görə, hazırda ABŞ tərəfi uranın utilizasiya mexanizminin detalları üzərində İranın ali liderinin danışıqlar aparmaq üçün səlahiyyət verdiyi nümayəndələrlə işləyir. Ağ Ev rəsmisi vurğulayıb ki, tərəflər arasında indiyədək toplanmış zənginləşdirilmiş materialların utilizasiya ediləcəyi ilə bağlı fikir ayrılığı yoxdur, əsas müzakirə predmeti bunun hansı mexanizmlə həyata keçiriləcəyidir.

Bildirilib ki, mümkün saziş çərçivəsində ABŞ İran limanlarına daxil olan və oradan çıxan gəmilərə tətbiq olunan blokada tədbirlərini aradan qaldırmağı nəzərdən keçirir. Bununla yanaşı, gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ Mərkəzi Komandanlığı ilə Körfəz ölkələri arasında koordinasiya mexanizmi yaradılması planlaşdırılır. Rəsmi nümayəndə qeyd edib ki, bu koordinasiya sisteminin hansısa ödəniş və ya rüsum mexanizmi kimi başa düşülməsi doğru deyil.

ABŞ administrasiyası, həmçinin, danışıqlar prosesinə regiondakı bütün müttəfiqlərin cəlb olunmasına çalışdığını bildirib. Vaşinqton hesab edir ki, Yaxın Şərqdə təhlükəsizlik balansının qorunması və nüvə məsələsində uzunmüddətli həllin əldə olunması üçün regional tərəfdaşlarla koordinasiya mühüm əhəmiyyət daşıyır.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr