Sportinfo.az “Neftçi”nin baş icraçı direktoru Cenk Sümerin müsahibəsini təqdim edir:
- “Neftçi” çempionatın son turunda “Kəpəz”i məğlub etdi. Mövsümü ümumilikdə necə dəyərləndirirsiniz?
- Mövsümü zədəsiz başa vurduq. Bu, xoşdur. Çempionatın gedişində Avropaya gedəcəyik deyirdik. İnamımız var idi. Buna da nail olduq. Çox şadıq. Komanda bu yolda çox əziyyət çəkdi, mübarizə apardı. Əvvəlki illərə baxanda çempionatın səviyyəsi artıb. Rəqiblərimiz də yaxşı çıxış etdilər. Baş məşqçimizlə önümüzdəki mövsüm üçün planlarımızı müzakirə edəcəyik. Əskiklərimizi tamamlayacağıq. Hədəfimiz 90-cı ilimizdə çempion olmaq, Avropada ölkəmizi layiqincə təmsil etməkdir. Azərbaycanı Avropada təmsil edəcək digər klublarımıza da uğurlar arzulayıram.
- Bəzən belə fikirlər səslənir ki, Yuri Vernidub mövsümün əvvəlindən komandada olsaydı, “Neftçi” bəlkə də çempion olardı. Razısınız bu fikirlə?
- Bunu təxmin etmək çətindir. Hər 90 dəqiqənin öz hekayəsi var. Müəyyən səhvlərimiz olmasaydı, hər matçda qalib gəlsəydik, bəlkə də indi tərəfdarlarımızla çempionluğu qeyd edirdik. Mövsümün gedişində bəzi problemli mövqelərimiz oldu, onları müəyyən etdik. Futbolçularımız da əllərindən gələni etdilər. Son 17 turda 13 qələbə qazandıq. Bu, çox yaxşı nəticədir. Səhvlərdən nəticə çıxardıb gələn mövsümə daha yaxşı hazırlaşmalıyıq.
- Yeni transferlərlə bağlı vəziyyət nə yerdədir?
- Transfer bitməz. Biz çox gözəl skaut sistemi qurmuşuq. Bu sistemdə Tufan hoca var. Dəyərli mütəxəssisdir. Skaut sistemimiz bir çox futbolçuları izləyir. Fərqli ölkələrdə futbolçulara iş başında baxıblar. Rəhbərliyimizin də təsdiqi ilə doğru transferlər edəcəyik. Söhbət təkcə legionerlərdən getmir. Heyətimizi yerli oyunçularla da gücləndirməyə çalışacağıq. Bu, həm də milli məsələdir. Bir sözlə, yaxşı komanda quracağıq
- Vensan Abubakarın adı son matçın iştirak ərizəsində yox idi. Bu, onun “Neftçi”dən gedəcəyinə işarədir?
- Abubakar zədəsi, xəstəliyi səbəbindən son oyunlarda forma geyinmədi. Üstəlik, fiziki sıxıntıları da var idi. Hazırda məsələ yekunlaşmayıb. Abubakarla bağlı məsələ konkretləşən kimi bu barədə məlumat verəcəyik.
- Sonda azarkeşlərə nə demək istərdiniz?
- “Neftçi” xalqın komandasıdır. Bu komandanın sahibi azarkeşləridir. Fanatlarımız hər zaman yanımızda oldular. Onlara nə qədər təşəkkür etsək, azdır. Azarkeşlərimizin qazanılan uğurda əziyyətləri böyükdür. Mövsüm boyu bizi səbirlə dəstəklədilər.