AZ

İstanbulda keçirilən Etnoidman Mədəniyyət Festivalında Azərbaycan musiqisi və ədəbiyyatı geniş təbliğ edilir

İstanbulda keçirilən VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) çadırında səhnə alan “Rüzgar” qrupu Azərbaycan musiqisi və ədəbiyyatının burada tanıdılmasında geniş iştirak edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlama verən qrupun qurucusu və solisti, İstanbul Universitetinin doktorantı Səidə Ömər əsas məqsədlərinin Azərbaycanın xalq və bəstəkar mahnılarını, eyni zamanda zəngin ədəbi irsini Türkiyədə daha geniş ictimaiyyətə tanıtmaq olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyədə ictimaiyyətin müəyyən bir hissəsi Azərbaycan mahnıları ilə tanış olsa da, ədəbiyyatımızın təbliği sahəsində müəyyən çatışmazlıqlar mövcuddur. Buna görə də qrup milli musiqi alətləri, muğam elementləri və mahnılar vasitəsilə Azərbaycan şeirinin və mədəniyyətinin təbliğinə xüsusi önəm verir.

Qrupun bədii rəhbəri, Qazi Universitetinin doktorantı tarzən Pərviz Musayev isə açıqlamasında qeyd edib ki, Azərbaycan musiqisi Türkiyədə illərdir böyük sevgi ilə dinlənilir və bəzi mahnılarımız artıq insanlar tərəfindən əzbərlənib.

O vurğulayıb ki, Azərbaycan musiqisi zəngin və köklü irsə sahib olmaqla yanaşı, ifa edildiyi milli musiqi alətləri ilə də fərqlənir. “Rüzgar” qrupu isə həm Azərbaycan musiqisini qardaş Türkiyədə və dünya arenasında daha geniş şəkildə tanıtmaq üçün fəaliyyətini davam etdirir.

Qrup üzvləri bu il artıq səkkizinci dəfə təşkil olunan bu festivalda iştirak etməyin onlar üçün qürur mənbəyi olduğunu deyiblər.

Onlar festival çərçivəsində Azərbaycanın, eləcə də bütövlükdə Türk dünyasının ortaq musiqilərini səsləndirməkdən, bu musiqi irsini geniş auditoriyaya təqdim və təbliğ etməkdən məmnunluq hissi keçirdiklərini vurğulayıb, burada iştirak imkanının yaradılmasına görə YTB rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Tədbirin son günü səhnəyə çıxan Səidə Ömər Azərbaycan xalqını 28 May - Respublika Gününü münasibətilə təbrik edib, bu tarixi günün əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Seçilən
1
2
ikisahil.az

10Mənbələr