AZ

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirildi

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışda Regional Mərkəzin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası I yerə, Qobustan rayonu, Rauf Babaşov adına Cəmcəmli kənd tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

"Cebheinfo.az"

Seçilən
0
5
cebheinfo.az

10Mənbələr