AZ

Həftənin fotosu – İnsanlığın diz çökdürülməsi


Bu, günün fotosu deyil, həftənin fotosudur. Şəkil İsraildə çəkilib.

Birdən kimsə güman edər ki, bu adamlar namaz qılır. Xeyr. Bu adamları bu vəziyyətə İsrail hərbçiləri salıb.

Şəkildə diz çökdürülmüş, hamısı eyni pozaya salınmış şəxslər heç də fələstinlilər deyil, bu dəfə avropalılardır.

Onlar ABŞ, Almaniya, İtaliya, İspaniya, Belçika, Fransa, İrlandiya, Türkiyə, Cənubi Koreya, İndoneziya kimi 40-dan artıq ölkənin vətəndaşılarıdır. Bu şəxslər 50 gəmilik donanma ilə Qəzzaya beynəlxalq humanitar yardım aparırmışlar.

Mənzil başına çatmağa bir az qalmış İsrail hərbçiləri donanmanı saxlayıb, fəalları həbs edərək təcridxanaya doldurub və orada onları bu vəziyyətə salıb.

həftə.JPG

Bu cür şəkillərin başqa rakursdan çəkilmiş variantları İsrailin milli təhlükəsizlik naziri Ben Qvir İtamar tərəfində sosial şəbəkədə paylaşılıb. Nazir təxminən belə yazıb ki, bax, adamı bu günə qoyarlar.

İtamarın paylaşımı beynəlxalq qalmaqal doğurub, vətəndaşları incidilmiş ölkələr etiraz edib: zorakılığa məruz qalan insanları aşağılayan naziri də, zoraıkılıq hadisəsinin özünü də qınayıb, pisləyiblər.

İndi bu şəxslərin hamısı öz ölkələrinə qayıdıblar və israillilərin onlara qarşı qaba rəftara, zoraıkılığa, təhqirə yol verdiyindən atdığından danışır, cümlələrində “sexual assault, violence and rape” kimi kəlmələr işlədirlər. Konkret olaraq, 15 nəfər zorlandığını bildirir. Xəsarət alanlar, sümüyü qırılanlar var. Onların sayı 30-dan çoxdur. Görünür, bu şəxslər müqavimət göstərməyə cəhd ediblər.

İsrail tərəfi ittihamları rədd edir və könüllülər donanmasının iştirakçılarına qarşı heç bir zorakılığın olmadığını bildirir.

Təkcə bu fotonun özü zorakılığın göstəricisidir. Hər halda insanları bu qeyri-insanı pozada durmağa, diz çökməyə xahiş-minnətlə razı salmayıblar, elektroşokerlərlə, dəyənəklərlə vadar ediblər.

16 il öncə may ayında eyni sərgüzəşt Türkiyədən Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” adlı gəmidəki könüllülərin başına gəlmiş və Türkiyə ilə İsrailin münasibətlərini son dərəcə gərginləşdirmişdi.

İndi isə zorakılığa məruz qalanlar 40-dan artıq ölkəni təmsil edirlər. Amma onların heç də hamısının İsraillə münasibətləri kəskin səciyyə almayacaq. Bəziləri bu təhqiri qulaqardına vuracaq, ənsəyə atacaqlar.

Bununla belə, 430 nəfərin İsraildə məruz qaldığı rəftarın Avropa ölkələrində bu ölkəyə münasibəti pisləşdirəcəyi yəqindir.

Musavat.com

Seçilən
85
musavat.com

1Mənbələr