futbolpress-az saytına istinadən ain.az xəbər verir.
Misli Premyer Liqasının XXXIII turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Mövsümün son oyunu idi. Həqiqətən, avrokuboklara şansımız qalmadığı üçün matça köklənmək çətin oldu. Buna baxmayaraq, futbolçular əzmkar oyun göstərdilər. Bugünkü matç, dünən burda baş tutan “Sumqayıt” – “Qarabağ” oyunu (3:4) və digərləri, iddia qalmasa da, maraqlı keçdi. Bütün kollektivlər sona qədər mübarizə apardılar. Bu gün qələbə də qazana bilərdik, yaxşı şanslarımız oldu. Sadə səhvlərdən qollar buraxdıq. Mövsümü bitirdik, gələcəyi düşünmək lazımdır. Kollektivimizə, azarkeşlərimizə, rəhbərliyimizə dərin minnətdarlığımızı bildirirəm. Üç cəbhədə də sona qədər mübarizə apardıq. Hər birində son anda nəticəni əldən verdik. Vacib məqam odur ki, futbolçular əzmkar oynadılar. Nələrsə alınmadı, bunlardan nəticə çıxarmalıyıq.
– Çempionatı necə dəyərləndirərdiniz?
– Mükafatçıları, hamını təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalara uğurlar arzu edirəm, hər biri buna layiq idi. Bəzi məyus edən tərəflər var idi – meydançalar, oyunların fərqli stadionlarda keçirilməsi. Ancaq bu gün məğlub olan tərəfik, istədiyimiz nəticə olmadığı üçün çox şeyi danışmayacağam, fərqli anlaşıla bilər.
– Buraxdığınız birinci qolda qapıçının kobud səhvi oldu. İkinci qolda da sanki hakim xətası var idi…
– Aydın Bayramov özü də başa düşür ki, ilk qol onun məsuliyyəti idi. Amma Patrik Andrade də ağıllı zərbə vurdu. İkinci qoldan baş açmadım, VAR çağırdı, amma hakim öz qərarında qaldı. Sonuncu dəfə bizdə belə şey olanda, uzun müddət danışıldı. Görək, bu dəfə izah necə olacaq… Ümumiyyətlə, son iki matçda qaçırdığımız şanslar, buraxdığımız qollar ümumi mövsümün mənzərəsidir. Ötən ildən daha yaxşı oyunlarımız oldu. Amma nəticə olanda deyirlər, hər şey əladır. Nəticə olmayanda da neqativ hallar danışılır.
– Mükafatçıların üçü əcnəbi baş məşqçidir…
– İstər yerli, istərsə də əcnəbilər ambisiyalı komandalara gəliblər. “Sabah”, “Neftçi”… “Turan Tovuz”a gəlincə, Berdıyevdən əvvəl Ayxan Abbasov orda yaxşı sistem qurmuşdu. Berdıyev də əlavələr edib, transferlər götürməklə fərqli səviyyəyə apardı. Amma məsələ tək əcnəbilərlə bağlı deyil. Klublarımız, klub rəhbərlərimiz ciddi işlər görürlər. Bunları danmaq olmaz. Hazırda iddialı komandalar ciddi seleksiyalar edirlər. Tək yuxarı pillələrdə deyil, ortalarda qərarlaşanlarda da bu vəziyyətdir. Bu gün klub rəhbərlərimiz çalışır ki, çempionatın səviyyəsi artsın, rəqabətə tab gətirsinlər. 8 il əvvələ boylansaq, görərik ki, klubların formalaşmasına çox vəsait ayrılmayıb. Amma bu gün hamı əlindən gələni edir. İnanıram ki, bu mövsüm azı üç klubumuz avrokuboklarda pley-off oynayacaq.
– Maliyyə məsələsi vacibdir. Sizdən daha yüksək büdcəsi olanlarla rəqabət aparmaq çətin deyil?
– Çətin deyil, amma əsas məsələ yayda seleksiyanı yaxşı etməkdir. Növbəti mövsüm daha rəqabətli yarış olacaq. Əlimizdən gələni edəcəyik ki, buna tab gətirək. Uzun illərdir, Azərbaycanda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə ikinci olmuşduq, avrokuboklarda pley-offlara getmişdik. Rəqiblər də bizə fərqli köklənirdi. Fikirləşirəm ki, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq.
– Klub rəhbərliyi bu gün oyunu stadiondan izləyirdi. Düşünürsünüz ki, növbəti mövsüm bu hal davamlı olacaq?
– Orxan Məmmədov futbolu sevir. 12 ildir, bu klub yaşayır. Son altı ilində də burdayam. Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib, müzakirələrimiz olub, amma kiminsə üzərinə çox düşünülməyib. Kubokun finalında məğlub olanda da meydançaya düşdü, futbolçuları təbrik etdi. O, daim komandanın yanındadır. Orxan müəllimdə böyük futbol təfəkkürü var. Onlara təşəkkür edirəm, biz əlimizdən gələni etdik, sadəcə bəzi şeylər çatmadı ki, istədiyimizə nail olaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.