AZ

Rusiya-Ukrayna müharibəsi “dondurulmuş münaqişə” modelinə keçirilə bilər  


Rusiya Ukrayna müharibəsini 2026-cı ilin sonuna qədər öz şərtləri ilə başa çatdırmağı planlaşdırır. Bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva Donbas ərazisinin tam nəzarətə götürülməsini və Avropa ilə geniş təhlükəsizlik sazişinin imzalanmasını hədəfləyir. Rusiyanın bu istəklərini reallaşdıra bilməsi indiki şərtlər altında realdırmı?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Donbasın tam nəzarətə götürülməsi və Qərbin faktiki olaraq bunu qəbul etdiyi yeni təhlükəsizlik arxitekturasının qurulması Kreml üçün strateji hədəfdir.

Lakin bunun 2026-cı ilin sonuna qədər tam şəkildə reallaşması indiki hərbi-siyasi şəraitdə hələ də qeyri-müəyyən görünür:

“Bloomberg”in yaydığı məlumata görə, Moskva müharibəni yalnız “qələbə şərtləri” ilə bitirmək istəyir və əsas prioritet Donbas üzərində tam nəzarətdir. Lakin nəzərə alınmalıdır ki, cəbhədə Rusiyanın tam üstünlüyü yoxdur. Rusiya son aylarda müəyyən taktiki irəliləyişlər əldə etsə də, Ukrayna tərəfi də Rusiyaya ağır zərbələri intensivləşdirib. Bloombergin istinad etdiyi mənbələrdə belə Kremlin daxilində “müharibənin dalana dirəndiyi” barədə narahatlıq olduğu qeyd olunur. Donbasın tam işğalı Rusiyanın düşündüyündən çətindir. Rusiya hələ 2022-ci ildən Donbası tam ələ keçirməyə çalışır. Amma Ukraynanın burada dərin istehkam sistemi və pilotsuz aparat üstünlüyü Rusiyanın sürətli irəliləyişini məhdudlaşdırır”.

Ekspert qeyd edib ki, Rusiyanın əsas məqsədlərindən biri yalnız hərbi nəticə yox, həm də siyasi legitimlikdir. Yəni Avropa və ABŞ-nin faktiki olaraq işğal olunmuş əraziləri qəbul etməsi:

“Amma hazırkı vəziyyətdə nə NATO, nə də Avropa İttifaqı buna açıq hazır görünür. Hətta ABŞ-də mümkün kompromis müzakirələri getsə belə, Ukraynanın rəsmi şəkildə Donbasdan imtina etməsi mümkün deyil. Digər tərəfdən, müharibənin uzanması Rusiyanın iqtisadiyyatına, hərbi resurslarına və daxili sabitliyinə təsir edir. “Bloomberg”in materialında Kremlin elitasında narahatlığın artdığı da qeyd edilir.

Belə vəziyyətdə müharibəni ilin sonuna qədər qələbə ilə bitirmək yox, müharibənin “dondurulmuş münaqişə” modelinə keçirilməsi daha ehtimal olunan variantlardan biridir. Kreml bunu “qələbə” kimi təqdim etməyə çalışacaq, lakin bu, Rusiyanın bütün strateji məqsədlərinə çatdığı anlamına gəlməyəcək”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr