AZ

Rektorun qalmaqallı fikirləri dəstəkləndi: Kamal Abdulla əsassız danışmır

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bildirib ki, qadının əsasən evdə ailə və övlad qayğısı ilə məşğul olması cəmiyyət üçün daha faydalı ola bilər. Onun sözlərinə görə, xüsusi istedadı olan qadınlar isə fərqli sahələrdə də özünü göstərə bilər.

Minlərlə qızların təhsil aldığı, qadınların işlədiyi universitetin rektorunun bu ifadələri işlətməsi sosial mediada birmənalı şəkildə qarşılanmayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Yusif Nəbiyev bildirdi ki, Kamal Abdullanın bu fikri, əslində, Azərbaycan cəmiyyətində hələ də kifayət qədər geniş yayılmış ənənəvi ailə modelinin bir az loru dillə ifadəsidir:

"Bu modeldə qadın əsasən ailədaxili qayğı və tərbiyə verən tərəf, kişi isə ailəni kənardan quran və qoruyan, ailənin ictimai və iqtisadi müstəvidəki təmsilçisi kimi görülür. Böyük sosioloq Talkot Parsonsun funksionalizm nəzəriyyəsində də buna bənzər yanaşma görürük. O, cəmiyyəti bir sistem kimi görürdü və düşünürdü ki, ailə daxilində rolların bölüşdürülməsi sosial sabitlik yaradır. Onun fikrincə, ənənəvi ailədə kişi əsasən “instrumental rol” oynayırdı - yəni pul qazanmaq, ailəni iqtisadi baxımdan təmin etmək, xarici dünya ilə əlaqə qurmaq kimi işlər üçün. Qadın isə “emosional rol” daşıyırdı. Buna uşaqların tərbiyəsi, ailədaxili münasibətlərin qorunması, emosional sabitliyin təmin edilməsi və sair daxil edilirdi. Parsons hesab edirdi ki, sənaye cəmiyyətində bu cür bölgü ailənin daha funksional işləməsinə kömək edir. Yəni onun baxışında məsələ “kişi üstündür, qadın zəifdir” deyə görünmürdü, sadəcə olaraq, hər kəsin öz ayrı funksiyası var idi. Yəni Kamal Abdulla tamamilə havadan və əsassız danışmır, bu yanaşmanın müəyyən sosial və tarixi kökləri var. Gəlin, etiraf edək ki, həqiqətən də, uşağın erkən inkişaf dövründə valideyn (xüsusilə ana) diqqəti, emosional yaxınlıq və ailədaxili sabitlik çox önəmlidir. Müasir cəmiyyətin bir problemi də odur ki, həm qadın, həm kişi həddindən artıq iş yükü altında ailə münasibətlərinə kifayət qədər zaman ayıra bilmir. Bu baxımdan, Kamal müəllimin ailəyə vaxt ayırmaq ideyasında müəyyən həqiqət payı var".

Sosioloqun fikrincə, əsas məsələ qadının işləyib-işləməməsi deyil, seçim imkanının olub-olmamasıdır.

"Əgər qadın özü istəyərək ailə və ev həyatına fokuslanırsa, bunda problem yoxdur. Problem bu modelin “ideal və yeganə doğru yol” kimi təqdim edilməsidir. Düşünürəm ki, sağlam cəmiyyətdə, nəzərə alsaq ki, artıq sənayə cəmiyyəti deyilik, hər hansı bir həyat modelini digəri üzərində zorla dominant etməyə çalışmaq artıq işləmir. Çünki artıq hər kəsi eyni qəlibə salmaq, hər kəsdən eyni inanc və dəyərlər toplusuna rəğbət bəsləməyi tələb etmək mümkün deyil. Və bu dərəcədə volatil bir dövrdə qadınları sadəcə bir alternativ həyat tərzinə hazırlamaq onları gələcək ciddi dəyişikliklər qarşısında alternativsiz qoya bilər. Ona görə də qadınların keyfiyyətli təhsil ala bilmələri üçün hər cür şərait yaradılmalı, istədikləri halda iş imkanlarına da əlləri çatmalıdır. Amma əgər qadın özü evdarlığı və ailəyönümlü həyatı seçərsə, bu halda da onun üçün də şərait yaradılmalı və heç bir qısnama və ya tənqidə məruz qalmamalıdır", - deyə həmsöhbətimiz əlavə etdi.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
redaktor.az

2Mənbələr