AZ

Füzuli şəhərində şagird sayının artması bölgədə həyatın tədricən bərpa olunduğunu göstərir - FOTO

Füzuli şəhərində təhsil həyatının bərpası davam edir, doğma yurda qayıdan müəllim və şagirdlər burada fəaliyyət göstərməkdən qürur duyduqlarını bildirirlər.

Aznews.az xəbər verir ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səmayə Həsənova bildirib ki, bir vaxtlar məcburi köçkün kimi tərk etdiyi Füzuliyə bu gün müəllim kimi qayıdıb. Onun sözlərinə görə, uzun illər doğma torpaqlardan uzaq düşsələr də, bu həsrət heç vaxt unudulmayıb.

Müəllim qeyd edib ki, hazırda dərs dediyi sinifdə şagird sayında artım müşahidə olunur. Əgər ilk vaxtlar sinifdə 19 şagird var idisə, hazırda bu rəqəm 32-yə çatıb. Bu isə bölgədə həyatın tədricən bərpa olunduğunu göstərir.

Digər müəllim Könül Ağayeva da uşaq yaşlarında məcburi köçkün düşdüyünü, hər zaman Füzuliyə qayıdaraq burada müəllim kimi fəaliyyət göstərməyi arzuladığını deyib. O bildirib ki, artıq bu arzu reallığa çevrilib və hazırda doğma şəhərində müəllim kimi çalışır.

Məktəbin şagirdləri də ata-baba yurdlarında təhsil aldıqları üçün qürur hissi keçirdiklərini bildirirlər. Onlar qeyd edirlər ki, doğma torpaqlarda oxumaq həm məsuliyyət, həm də böyük sevincdir.

Seçilən
3
2
aznews.az

3Mənbələr