AZ

“Müstəqilliyin təntənəsi” - Masallıda konfrans 

“Müstəqilliyin təntənəsi” - Masallıda konfrans

 

Masallıda 28 May – Müstəqillik Gününə və Masallı Dövlət Regional Kollecinin “Gurşad” jurnalının təqdimatına həsr olunmuş “Müstəqilliyin təntənəsi” mövzusunda konfrans keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı, Masallı Dövlət Regional Kolleci, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi və YAP Lənkəran şəhər təşkilatının birgə təşkilatçılığı, Masallı rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.
Heydər Əliyev Mərkəzində davam edən konfransda Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himnimiz səsləndirilib.
Konfransda Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri Sudeyf İmamverdiyev, birliyin idarə heyətinin üzvü Mübariz Süleymanlı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Əməkdar jurnalist, “Gurşad” jurnalının redaktoru Zakir Abbas çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq idealının gerçəkləşməsi olmaqla yanaşı, Şərqdə ilk demokratik, hüquqi və parlamentli respublikanın yaranması kimi tarixə düşüb. Qeyd olunub ki, 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sabitlik və inkişaf yoluna qədəm qoyub, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.
Natiqlər “Gurşad” jurnalının tələbələrin yaradıcılıq potensialını, bilik və bacarıqlarını əks etdirən mühüm nəşr olduğunu vurğulayaraq, belə jurnalların gənclərdə oxumaq, araşdırmaq və yazmaq həvəsini artırdığını diqqətə çatdırıblar.
Tədbir çərçivəsində Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında kompozisiya nümayiş etdirilib.
Sonda rayonun ictimai-siyasi həyatında və konfransın işində fəal iştirak edən bir qrup şəxsə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

 

Akif AĞAYEV
 

Seçilən
51
qht.az

1Mənbələr