AZ

Azərbaycanın artan nüfuzunu göstərən Forum - Fazil Mustafa

Yazını böyüt
Yazını kiçilt

WUF-13 Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində beynəlxalq nüfuzunu gücləndirəcək"

Müasir dövrdə urbanizasiya, dayanıqlı inkişaf və ekoloji şəhərsalma məsələləri qlobal gündəliyin əsas mövzularından birinə çevrilib. Belə bir şəraitdə BMT-nin Dünya Şəhərsalma Forumunun (WUF-13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun və şəhərsalma sahəsində formalaşdırdığı yeni yanaşmaların göstəricisi hesab olunur.  Forumun Azərbaycanın beynəlxalq imicinə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin tanıdılmasına, eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının təşviqinə verəcəyi töhfələrlə bağlı mülahizələr xüsusilə diqqətlə izlənir.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Fazil Mustafadır:

- WUF-13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq şəhərsalma və urban inkişaf gündəmində mövqeyini necə gücləndirir?

- Əlbəttə, bu cür beynəlxalq tədbirlər hər ölkədə keçirilmir və onlar iştirakçı dövlətlərə urbanizasiya proseslərinin idarə olunması baxımından mühüm təcrübə qazandırır. Azərbaycanın da özünəməxsus şəhərsalma ənənələri və mədəniyyəti mövcuddur. Belə forumlar isə həmin təcrübənin beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, Azərbaycan bu platforma vasitəsilə müxtəlif ölkələrin şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübələrini öyrənərək onları yerli mühitə uyğun şəkildə tətbiq etmək imkanı da əldə edir. Bu baxımdan, tədbirin həm peşəkar müstəvidə, həm də ictimai maarifləndirmə istiqamətində böyük önəmi var. Hesab edirəm, bu cür forumlar Azərbaycan cəmiyyətinə, eləcə də ölkənin şəhərsalma mədəniyyətinə münasibətdə yeni bilik və yanaşmalar qazandıracaq.

Eyni zamanda, forumun Azərbaycanın beynəlxalq imici baxımından əhəmiyyəti də olduqca böyükdür. Tədbirdə iştirak edən nümayəndələrin və beynəlxalq təşkilat təmsilçilərinin yüksək səviyyəsi bir daha göstərir ki, Azərbaycan artıq qlobal əhəmiyyətli platformalara uğurla ev sahibliyi edən ölkələr sırasında öz mövqeyini möhkəmləndirib.

- Forumda müzakirə olunan dayanıqlı şəhərsalma və ekoloji yanaşmalar Azərbaycanın gələcək şəhər planlaşdırma siyasətinə hansı real təsirləri göstərə bilər?

- Artıq Azərbaycan bu istiqamətdə “ağıllı kənd” və “ağıllı şəhər” modelləri üzərində praktiki işlər həyata keçirdiyini nümayiş etdirir ki, bu da olduqca mühüm məqamdır. Bu baxımdan, belə beynəlxalq platformalar həm təcrübə mübadiləsi, həm də yeni yanaşmaların öyrənilməsi baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməklə yanaşı, digər dövlətlərin uğurlu nümunələrindən də faydalanmaq imkanı əldə edir.

Xüsusilə diqqət yetirsək görərik ki, Qarabağda həyata keçirilən yenidənqurma və məskunlaşma proseslərində Azərbaycan, artıq bu konsepsiyaların tətbiqinə başlayıb. Regionda ekoloji cəhətdən təmiz, dayanıqlı və müasir yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu yanaşma insanların daha sağlam və komfortlu mühitdə yaşamasını təmin etməyə hesablanıb.

Bu baxımdan, beynəlxalq forumlar Azərbaycanın həyata keçirdiyi siyasətə həm təcrübə, həm də innovativ yanaşmalar baxımından yeni çalarlar qata bilər. Eyni zamanda, bu proses ölkənin şəhərsalma mədəniyyətinin daha da inkişaf etməsinə və müasir standartlara uyğun şəkildə formalaşmasına müsbət təsir göstərəcək. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində ortaya qoyduğu yanaşmanın mühüm nümunəsi kimi qiymətləndirilə bilər.

- İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və şəhərsalma təcrübəsi beynəlxalq iştirakçılar üçün hansı yeni model kimi təqdim olunur?

- Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa proseslərini beynəlxalq qonaqlara təqdim etməyi də nəzərdə tutur. Bu isə iştirakçılar üçün yerində müşahidələr aparmaq, həyata keçirilən layihələri yaxından görmək və geniş araşdırmalar aparmaq baxımından mühüm imkan yaradacaq.

İstər Şuşa, istər Xankəndi, istərsə də Ağdam və digər işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri göstərir ki, Azərbaycan bu prosesi həm yüksək keyfiyyətlə, həm də qısa zaman ərzində həyata keçirməyə nail olur. Müasir infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, eləcə də ekoloji yanaşmalar bu layihələrin əsas xüsusiyyətlərindəndir.

Bu baxımdan hesab edirəm, Azərbaycan mövcud fürsətləri düzgün qiymətləndirir və beynəlxalq platformalardan səmərəli şəkildə istifadə etməyə çalışır. Eyni zamanda, bu imkanların ölkənin gələcəyi üçün yarada biləcəyi siyasi, iqtisadi və sosial dividendlər də diqqətdənkənarda qalmamalıdır. Müasir dövrün çağırışları və zamanın diktə etdiyi reallıqlar Azərbaycanın bu istiqamətdə daha çevik və innovativ addımlar atmasını zəruri edir.

- Qlobal urbanizasiya problemləri fonunda WUF-13 Azərbaycanın “şəhərsalma innovasiyaları istehsal edən ölkə” imicinə necə töhfə verir?

- Şəhərsalma və innovasiya modelləri hər bir ölkənin özünəməxsus xüsusiyyətlərinə uyğun formalaşsa da, eyni zamanda qlobal standartlara və ümumi inkişaf meyillərinə əsaslanır. Bu baxımdan, beynəlxalq təcrübə mübadiləsi olduqca vacibdir. Əgər Azərbaycanın həyata keçirdiyi layihələr və tətbiq etdiyi modellər digər ölkələr üçün faydalı nümunəyə çevrilərsə, bu, gələcəkdə ölkəmizin beynəlxalq imicinə də müsbət təsir göstərəcək.

Lakin bu istiqamətdə maarifləndirmə, təbliğat və təqdimat işlərinin daha sistemli və geniş şəkildə aparılması vacibdir. Müasir dünyada heç bir ölkə digərinin təcrübəsini təsadüfi və ya formal şəkildə qəbul etmir. Hər bir model müəyyən araşdırmalar, praktik nəticələr və uğurlu tətbiqlər əsasında qiymətləndirilir.

Bu gün insanlar və dövlətlər istər yaşayış komplekslərinin qurulmasında, istər inzibati binaların layihələndirilməsində, istərsə də digər infrastruktur layihələrində müasir və səmərəli modellərə xüsusi diqqət yetirirlər. Ona görə də Azərbaycanın ağıllı şəhərsalma, dayanıqlı inkişaf və ekoloji yanaşmalar sahəsində ortaya qoyduğu nümunələrin beynəlxalq səviyyədə daha geniş tanıdılması xüsusi əhəmiyyət daşıyır.

- Forum çərçivəsində media, QHT-lər və vətəndaş cəmiyyəti institutlarının iştirakı qərarların formalaşmasına və ictimai rəyə təsir baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Bu kimi beynəlxalq platformaların fəaliyyətində QHT-lərin rolu xüsusi əhəmiyyət daşıyır və onların proseslərdə aktiv iştirakı olduqca vacibdir. Azərbaycanda da həm AMEKLOC-un, həm də memarlıq və şəhərsalma sahəsində fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarının bu istiqamətdə daha çox ixtisaslaşması üçün belə tədbirlər mühüm imkanlar yaradır.

Eyni zamanda, beynəlxalq platformalar yerli QHT-lərin xarici tərəfdaşlarla əməkdaşlığının koordinasiya olunması baxımından da əhəmiyyətlidir. Güman etmək olar ki, forum çərçivəsində qəbul ediləcək müxtəlif qərar və qətnamələrdə bu məsələlərə dair müəyyən müddəalar da öz əksini tapacaq. Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumların isə bu platformalara həm siyasi, həm də maddi dəstəyini davam etdirməsi vacibdir. Şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələləri artıq qlobal koordinasiya tələb edən istiqamətlərdən biridir.

Bu proseslər Azərbaycanda da şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən QHT-lərin daha da fəallaşmasına və institusional inkişafına töhfə verə bilər. Hökumət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişlənməsi, eyni zamanda, onların daha peşəkar və təşəbbüskar fəaliyyət göstərməsi, ümumilikdə, ölkədə şəhərsalma prosesinin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Seçilən
27
hafta.az

1Mənbələr