ain.az, 525.az portalına istinadən məlumat verir.
Zemfira SƏFƏROVA Akademik, Əməkdar Elm Xadimi
Əvvəla, Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində etdiyi çıxışından dil haqqında mühüm bir parçanı diqqətinizə təqdim edirik: "On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili, onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir. Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm".
Prezidentimizin bu çağırışını AMEA-nın "Musiqi tarixi və nəzəriyyəsi" şöbəsinin əməkdaşları dəstəkləyir və bu yolda əməklərini sərf etməyə hazırdılar. Elmi işlərini də yüksək səviyyəli Azərbaycan dilində təqdim etmələri üçün həmişə çalışacaqlar.
Musiqidə bu mövzu hələ dahi bəstəkar, publisist, jurnalist Üzeyir bəy Hacıbəylinin yaradıcılığında təqdim olunmuş və işlənmişdi, bu da hələ 1900-cü illərə aiddir. Bu barədə bir neçə misal gətirək ki, daha aydın olsun. Məsələn, onun hələ 1912-ci ildə "İqbal"da çıxmış "Dilimizi korlayanlar" yazısını gətiririk: "Heç kəsə məxfi deyil ki, bizim axundlar ilə artistlərimiz bir-birinə zidd və müxalif siniflərdir. Elə bunun özü ki, mən axund ilə artisti bərabər qoydum, onların heç birinin xoşuna gəlməyəcəkdir. Artist axundun düşmənidir, axund artistin. Bununla belə, bu iki düşmən bir şeydə böyük ittifaq bağlayıbdılar. O şey dilimizi korlamaqdır.
Mətləbə izah verəlim. Məsələn, axund belə danışır:
- Zamani ki, mən burada əglətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və jainki, aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!
Axund bunu demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...
Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: "Bu gün Tağıyevin teatrında oynanılacaqdır suznak bir faciə "Gaveyi-ahəngər". Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist"...
Uşaq bazara gedib qoz alır və evə qayıdıb, anasına deyir ki, "Ana, bazardan qoz aldım".
Amma artist bazardan qoz alıb qayıtsa, anasına belə deyər:
- Ana, bazardan aldım qoz.
Teatrlar üçün yazılan elanları savadlı bir adama həvalə etsəydilər, çox əcəb olardı".
Musiqidə tərcümə
("Üzeyir Hacıbəyli yaradıcılığında nəzəri və estetik problemlər" kitabı üzrə gətirirəm).
Musiqi dili problemi Ü.Hacıbəyli yaradıcılığını bütün dövrlərində düşündürürdü. Böyük bəstəkar Azərbaycan musiqisini Qərb musiqisi ilə yaxınlaşdırmaq üçün yollar axtarırdı. Bəstəkar o günü arzulayırdı ki, musiqimiz ümumi bəşəriyyətin malı olsun, ümumdünya musiqisi isə Azərbaycan xalqına aydın və yaxın olsun.
Elə inqilabdan sonrakı ilk illərdə (20-30-cu illər) Ü.Hacıbəyli musiqi tərcüməsi nəzəriyyəsinə müraciət edir. O, musiqi dilinin inkişafını Avropa musiqisiz, onunla üzvi sintez olmadan təsəvvür etmirdi. Musiqidə tərcüməni o, Avropa musiqi dilinə və ümumiyyətlə Avropa musiqi mədəniyyətinə yaxınlaşmaq, onu anlamaq, qavramaq üçün ən adi və sadə vasitə hesab edərək, 1926-cı ildə "Maarif və mədəniyyət" jurnalının səhifələrində "Musiqidə tərcümə" məqaləsi ilə çıxış etmişdi.
Hacıbəyli öz yaradıcılığında dəfələrlə ədəbiyyatın tərcümə təcrübəsinə müraciət etmişdi. Tərcümə nəzəriyyəsi də elə ədəbiyyatın tərcümə təcrübəsindən götürülmüşdü. Ədəbiyyatda bədii əsərlərin bir dildən o biri dilə tərcümə edilib, həmin xalqın dilində ümumdünya mədəniyyətinin nailiyyətləri ilə tanış olmaq imkanını verirdisə, Hacıbəylinin fikrincə, musiqidə də birinci mərhələdə belə bir tərcüməyə müraciət etmək olardı.

1965-ci ildə bəstəkar Əfrasiyab Bədəlbəyli sənət yaradıcı işçilərin seminarındakı çıxışında bu məsələ üzərində dayanmışdı. O, qeyd edirdi ki, 1925-26-cı illərdə Azərbaycan dram teatrının səhnəsində Cəfər Cabbarlının, Hüseyn Cavidin əsərləri ilə yanaşı, Şekspirin "Otello", "Hamlet", "Maqbet", Şillerin, Hüqonun və başqalarının əsərləri tərcümədə qoyulurdu. Üzeyir bəy fikirləşdirirdi ki, necə olur ki, biz Şekspiri Azərbaycan dilinə tərcümə edirik, Şilleri xalqımızın malı edirik, niyə onda biz Motsartı, Vaqneri Azərbaycan xalqının malı etməyək? Və Ü.Hacıbəyli bu əsərlərin musiqi tərcüməsi haqqında nəticəyə gəlmişdir.
Məlumdur ki, milli musiqi dil ifadəsi müəyyən dərəcədə şərti xasiyyət daşıyır. Əgər ədəbiyyat müəyyən xalqın dili ilə ifadə olunursa, musiqi üçün belə dəqiq hüdudluq xas deyil. Buna baxmayaraq, biz müəyyən ifadə əlamətlərinə, xüsusiyyətlərinə görə musiqini də milli dilinə görə ayıra bilirik. Hacıbəyli özünün musiqidə tərcümə nəzəriyyəsini irəli sürərkən məhz bunu nəzərdə tuturdu. Bəstəkar qeyd edirdi ki, musiqidə tərcümə musiqi mədəniyyəti tarixində görünməmiş hadisədir. Bunun da səbəbini bəstəkar onda görürdü ki, Qərb musiqi tarixinin inkişafında belə tərcüməyə ehtiyac olmamışdır, çünki Qərb xalqlarının musiqi sistemi onlar üçün ümumi, universal xasiyyət daşıyır, hərçənd alman musiqisi, məsələn, italyan musiqisindən üslubu, koloriti və s. ilə, əlbəttə ki, seçilir, lakin hər ikisinin əsası major və minor qammalarıdır.
Ü.Hacıbəyli qeyd edir ki, burada "tərcümə" əvəzinə mövcud olan şeylər bunlardır:
1. Təbdil - yəni bir kəsin yazmış olduğu musiqi əsərinin mövzusunu iqtibas edib o mövzu üzərində başqa bir formada musiqi əsəri yazmaq;
2. Transkripsiya - yəni bir bəstəkarın musiqi əsərini götürüb üzərinə bir çox şeylər artırmaq, müxtəlif variasiyalara salmaq və sairə.
3. Transparsiya - yəni bir musiqi əsərini bir qammadan digər bir qammaya keçirmək; məsələn, "do" major namində yazılmış bir əsəri "sol" majora keçirmək və sairə.
4. Təsirini dəyişmək - yəni major qammalar üzərində yazılmış bir əsəri eyni ilə bir adlı minor qammaya keçirmək.
Fəqət bunların heç biri tərcümə deyildir.
Bəs Hacıbəyli özünün musiqidə tərcümə ideyasını necə başa salır?
Ü.Hacıbəyli yazır ki, "Qərb musiqi əsasından qeyri-olanlardan ən ümdəsi Şərq musiqisi əsasıdır. Belə olduğu surətdə Qərb musiqisi əsası üzərində yazılmış olan bir musiqi əsərini, formasını... çevirsək, zənnimcə, əsl tərcümədən anlaşılan məqsəd hasil olar".
Hacıbəyli qeyd edir ki, ədəbiyyatda tərcüməçinin əsas məqsədi başqa bir dildə yazılmış əsəri öz dilinə çevirməklə eyni əsəri öz dilində danışanların anlayacağı bir hala salmaqdır. Musiqi tərcüməsi də belə olmalıdır. Yəni anlaşılmayan Qərb musiqi parçasını Şərq musiqisinə tərcümə ilə şərqlilərin anlayacağı bir hala salmaq.
Hacıbəyli göstərir ki, "Ədəbiyyatda tərcümənin əvvəla, ədəbi, sənətcə, əslinin ideyasını tamamilə şərh edəcək dərəcədə mükəmməl olmağı ümdə şərtlərdən sayılan kimi musiqi tərcüməsində də bu şərtlərə riayət olunmalıdır".
O illərdə Hacıbəyli musiqidə tərcüməni Azərbaycan dinləyiciləri tərəfindən Qərb musiqi dilinin mənimsənilməsində əsas amillərdən hesab edirdi. Bununla əlaqədar olaraq, Hacıbəyli Azərbaycan səhnəsində Delibin "Lakme" operasını misal gətirir. O qeyd edir ki, operanın süjeti Şərq həyatından götürülmüşdür və mətni də Azərbaycan dilinə tərcümə edilmişdir. Buna baxmayaraq, Azərbaycan dinləyicisi tərəfindən anlaşılmadı və müvəffəqiyyət qazanmadı. Bunun səbəbini Hacıbəyli operanın musiqi dilinin tərcümə edilməməsində görürdü. O, bu barədə yazırdı: "İkinci planda olan və zatən operada bir o qədər əhəmiyyəti olmayan qoftəsi tərcümə edilmiş olduğu halda, birinci dərəcədə əhəmiyyəti olan bəstəsi, yəni musiqi cəhəti tərcümə edilməmişdir".
Hacıbəyli başa düşürdü ki, ədəbiyyatda və musiqidə tərcümənin prinsipləri bir-birindən seçilməli, ayrı olmalıdır, çünki onların özlərinin spesifik xüsusiyyətləri vardır. Hacıbəyli belə nəticəyə gəlir, musiqini mexaniki surətdə tərcümə etmək mümkün deyil və Şərq musiqisi ilə Qərb musiqisinin yaxınlaşmaq formalarını həm Qərb və həm də Şərq musiqisinin nəzəri əsaslarını mükəmməl bilən şəxslər öyrənməlidirlər.
Hacıbəyli yazır ki, "İştə bu tərcümə ideyası əsasən qəbul edilib və yolları da ətraflı öyrənildikdən sonra qövldən felə keçirilərsə, Şərq musiqisinin köklənilməyən bir surətdə sürətlə tərəqqi etməsinə səbəb olar... Şərq musiqisi həyatında geniş bir tərəqqi inqilabı əmələ gətirə bilər və Şərq musiqisinin gələcəkdə ümumaləm musiqi sənəti sahəsində böyük bir rol oynayacağına səbəb olar".
Bəstəkar öz ideyalarının təcrübədə inikasının yollarını da axtarırdı. Bu sahədə o, qanon tipli texniki məşğələlər, Dülovanın repertuarından götürülmüş və tar üçün işlənmiş 10 məşğələ yazmışdı (bu barədə Hacıbəyli öz tərcümeyi-halında məlumat vermiş, lakin təəssüf ki, bu əsərlər saxlanılmamışdır).
Gənc yaradıcı işçilərin seminarında bəstəkar Ə.Bədəlbəyli Hacıbəylinin Motsartın fortepiano üçün yazdığı C dur № 15 sonatasından elədiyi musiqi tərcümənin ilk ifasını xatırladır. Əsəri "dinləyəndən sonra tərcümə orijinaldan daha çox xoşa gəlmişdir. Lakin professora dedilər ki, bu, Motsartın əsəri deyil. Üzeyir bəy cavab verdi ki, bu əsər mənim də deyil. Əgər bu əsərin müəllifi Motsart deyilsə, bəs o, kimdir?"
Ə.Bədəlbəyli qeyd edir ki, deməli, tərcümədən sonra bu əsər geniş Azərbaycan dinləyicisi üçün aydın olmuşdu. Əlbəttə, bu, prinsip etibarilə səhvdir və sonra Üzeyir Hacıbəyli öz yaradıcılığında bu prinsipdən əl çəkmişdi. Bu əsəri isə birinci fantaziyaya çevirmişdi.
Beləliklə, Motsartın sonatasından bəstəkarın etdiyi həmin tərcümə saxlanılmamış, lakin musiqi tərcümənin ideyasını Hacıbəyli müəyyən dərəcədə birinci "Çahargah" fantaziyasında həyata keçirmişdi. Müqayisə üçün Motsartın C dur № 15 sonatasının ekspozisiyasını və Ü.Hacıbəylinin "Çahargah" fantaziyasının I hissəsinin ekspozisiyasını müqayisə edirik.
"Çahargah"da Motsartın sonatasının ümumi forması, dominanta tonallığında olan köməkçi partiyasının sadə sonata allegro forması saxlanılmışdır. Sonatanın əsas tonallığı C dur "Çahargah"da da saxlanılıb, əsas və köməkçi partiyaların forması (period) yenə də saxlanılmışdır ("Çahargah"da, sonatada olduğu kimi, işlənmə 13 taktdan ibarətdir. Repriza sonatadakı kimi subdominanta tonallığındadır, ancaq "Çahargah"da Motsartın reprizasında olan əsas mövzunun cavabverici cümləsindən sonra verilmiş dörd xanə yoxdur).
"Çahargah"da sonatanın fakturası, Motsartın əsərinin hərəkətinin ümumi formaları saxlanılmışdır.
Sonatanın əsas mövzusu dəyişmişdir. Ola bilər ki, bu dəyişiklik fantaziyanın yaranma prosesində baş vermişdi. Fantaziyada temp də dəyişmişdir. Allegro (tez) Maestoso-ya (yavaşa) keçmişdir.
Bu əsərlər müxtəlif janrlarda yazıldığına görə, Motsartda sonata, Hacıbəylidə fantaziyadır, həm də müxtəlif alətlər üçün nəzərdə tutulduğuna görə Motsartda fortepiano, Hacıbəylidə xalq çalğı orkestri tərəfindən ifa olunur, Hacıbəylinin əsərinin ümumi xarakteri Motsartınkından fərqlənir. Motsartın əsəri üçün kamera səslənmə üslubu xasdır, sonata zərifliyi, yüngüllüyü, parlaqlığı ilə seçilir.
Ü.Hacıbəylinin əsəri üçün müəyyən təntənəlilik, təmtəraq xasdır (buna səbəb "Çahargah"da dəyişilmiş əsas mövzudur). Doğrudur, Hacıbəyli orkestrdə Motsart səsləmələrinin zərifliyini və yüngüllüyünü saxlamışdır.
"Çahargah" fantaziyasında musiqidə tərcümə prinsipi yalnız Motsartın sonatasının birinci hissəsinə aiddir.
Belə tərcümənin mənasını bəstəkar nədə görürdü? Birinci və əsas etibarilə onda görürdü ki, belə tərcümə Qərb musiqisini Şərq dinləyicilərinin qavramasına yaxınlaşdıracaq. Bu qeyri-adi eksperimentin məqsədi Azərbaycan musiqisinin və dinləyici auditoriyasının dünya musiqi mədəniyyətinin müvəffəqiyyətlərinə qısa bir müddətdə nail olması idi.
Sonralar nə Hacıbəyli, nə də digər bəstəkarlar formal musiqi tərcümə təcrübələrinə müraciət etmişlər.
Musiqidə tərcümə prinsipini, əgər tarixi kontekstdə qəbul etsək, Şərq və Qərb musiqisinin yaxınlaşma yolunda eksperimentlərdən biri kimi hesab etmək olar. Bu mənada axtarış kimi, təcrübə kimi o, müəyyən tarixi əhəmiyyətə malikdir. Lakin bu axtarışın, bu eksperimentin forması baş tutmamış, perspektivli olmamışdır.
Azərbaycan musiqi mədəniyyətinin gələcək inkişafı mexaniki tərcümə ideyasını qəbul etməmişsə də, Qərb musiqisi ilə Şərq musiqisinin vəhdəti prinsipi səmərəli nəticələr vermişdir.
Maraqlıdır ki, 40-cı illərdə musiqi tərcümə nəzəriyyəsini sovet musiqişünası A.S.Oqoleves də özünün "Vvedenie v sovremennoe muzıkalğnoe mışlenie" tədqiqatında irəli sürmüşdü. Onun nəzəriyyəsi müasir musiqinin pentaton musiqi dilinə tərcüməsi ilə əlaqədar idi. Lakin A.S.Oqolevesin də tərcümə nəzəriyyəsi təcrübədə qəbul olunub yayılmamışdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.