AZ

Aslan Əsədov: Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın tranzit rolunu gücləndirir

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Cənubi Qafqaz ölkələrini bir-birinə bağlayan mühüm nəqliyyat xəttidir və region üçün strateji əhəmiyyət daşıyır”.

Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov QHT.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, layihə həm sərnişin, həm də yükdaşımalar baxımından böyük potensiala malikdir:

“Bu dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Xüsusilə Azərbaycanın istehsal etdiyi məhsulların Türkiyəyə, Türkiyədən olan yüklərin Azərbaycana, eyni zamanda Gürcüstanın ixrac məhsullarının region ölkələrinə çatdırılması baxımından mühüm rol oynayacaq”.

Onun sözlərinə görə, layihə enerji və logistika sektoruna da ciddi töhfə verəcək:

“Azərbaycanın neft, yanacaq və sürtkü materiallarının daşınması baxımından bu marşrut mühüm əhəmiyyət daşıyır. Bu, böyük maliyyə və biznes dövriyyəsinin formalaşmasına şərait yaradacaq”.

A. Əsədov vurğulayıb ki, Bakı–Tbilisi–Qars dəmir yolu beynəlxalq tranzit imkanlarını da genişləndirəcək:

“Azərbaycan üzərindən Türkiyə və Avropaya daşınan yüklər təkcə region ölkələrinə aid deyil. Çin, Mərkəzi Asiya ölkələri, Qazaxıstan, Türkmənistan, hətta İran da bu marşruta qoşula bilər. Bu isə layihəni daha perspektivli edir”.

Ekspert hesab edir ki, layihənin inkişafı regionda nəqliyyat infrastrukturunun güclənməsinə və ölkələr arasında koordinasiyanın artmasına mühüm təsir göstərəcək.

Zəhra Ağayeva

Seçilən
21
qht.az

1Mənbələr