AZ

Almara Ağaqızı: “Psixoloji rahatlıq olan yerdə diqqət, motivasiya və nəticə daha uğurlu olur”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İmtahan öncəsi stress, tələbə və şagirdlərin imtahandan əvvəl və ya imtahan zamanı hiss etdiyi qorxu və gərginlikdir. Bu stress öyrənilən bilikləri tətbiq etməyə mane ola bilər və nəticələrin aşağı düşməsinə səbəb ola bilər. İmtahan öncəsi müəllimlərin və valideynlərin də rolu böyükdür. Onların gözləntiləri yüksək olduqda, bu, şagirdlərdə əlavə stress yarada bilər.Stressin şagirdlərin yaddaş və diqqətinə təsiri olurmu? İmtahan öncəsi streslə başa çıxmaq üçün şagirdlər hansı üsullardan istifadə edə bilər?

Bu barədə Bizimyol.info xəbər portalına açıqlama verən Psixologiya Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru, psixoloq Almara Ağaqızı bildirib ki, stress uşağın özünü ifadə etməsinə mənfi təsir göstərir: “Mənim fikrimcə, imtahan öncəsi stress bu gün həm məktəblilər, həm də tələbələr arasında ən geniş yayılmış psixoloji gərginliklərdən biridir. Bu stress insanın imtahan nəticəsi ilə bağlı yaşadığı qorxu, həyəcan və daxili təzyiq hissidir. Müəyyən qədər həyəcan normal hesab olunsa da, həddindən artıq stress artıq uşağın diqqətinə, yaddaşına və özünü ifadə etməsinə mənfi təsir göstərməyə başlayır.

Təcrübəmə dayanaraq deyə bilərəm ki, bir çox şagird mövzunu yaxşı bildiyi halda belə, imtahan zamanı həyəcan səbəbindən bildiklərini unudur, fikrini toparlaya bilmir və öz potensialını tam göstərə bilmir. Bu zaman uşaqlarda “uğursuz olacağam”, “valideynimi məyus edəcəyəm”, “məndən yüksək nəticə gözləyirlər” kimi düşüncələr yaranır və bu düşüncələr stressi daha da artırır”.

Almara Ağaqızı həmçinin vurğulayıb ki, uşağın ən çox ehtiyac duyduğu şey anlayış və emosional dəstəkdir: “İmtahan stressinin yaranmasında yalnız uşağın özü deyil, valideyn və müəllim münasibəti də böyük rol oynayır.

Bəzi hallarda valideynlərin yüksək gözləntiləri, davamlı müqayisələr aparması və nəticəyə həddindən artıq fokuslanması uşağın psixoloji yükünü artırır. Halbuki uşağın ən çox ehtiyac duyduğu şey təzyiq deyil, anlayış və emosional dəstəkdir”.

Almara Ağaqızı əlavə edib: “Hesab edirəm ki, imtahan dövründə uşağa “mütləq yüksək bal toplamalısan” demək əvəzinə, onun zəhmətini qiymətləndirmək və emosional olaraq yanında olmaq daha sağlam yanaşmadır. Çünki psixoloji rahatlıq olan yerdə diqqət, motivasiya və nəticə də daha uğurlu olur.

İmtahan yalnız bilik yoxlaması deyil, eyni zamanda uşağın emosional durumunun da sınağıdır. Buna görə ailə və müəllimlər uşağın psixoloji vəziyyətinə həssas yanaşmalı, onu qorxu ilə deyil, güvən hissi ilə motivasiya etməlidirlər”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
bizimyol.info

1Mənbələr