Azərbaycanın yeni qlobal tərəfdaşlıq xəritəsində xüsusi yeri var
Müasir dünyanın siyasi və iqtisadi mənzərəsi sürətlə dəyişir. Dünən regional xarakter daşıyan məsələlər bu gün qlobal təhlükəsizlik problemlərinə çevrilir, enerji siyasəti artıq yalnız iqtisadi deyil, həm də geosiyasi amil kimi çıxış edir. Belə bir şəraitdə dövlətlərin rolu onların malik olduqları resurslarla yanaşı, həmin resursları hansı siyasi strategiya ilə idarə etməsindən də asılı olur. Cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində səslənən fikirlər də məhz Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni aydın göstərdi. Müsahibənin əsas xəttini təşkil edən məsələlərdən biri Azərbaycanın enerji siyasətinin beynəlxalq təhlükəsizlik sistemində artan əhəmiyyəti oldu. Son illərdə dünyada baş verən proseslər göstərdi ki, enerji təchizatında etibarlılıq ən vacib məsələlərdən biridir. Cənab Prezident İlham Əliyev vurğuladı: "Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur." Bu rəqəm yalnız statistik göstərici kimi qəbul edilməməlidir. Burada daha geniş siyasi məna mövcuddur. Çünki enerji marşrutları artıq dövlətlər arasında iqtisadi əməkdaşlıq layihəsi olmaqla yanaşı, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın da əsas elementinə çevrilib.
Azərbaycanın enerji strategiyası uzunmüddətli planlaşdırmanın nəticəsidir. Vaxtilə formalaşdırılmış infrastruktur və həyata keçirilən layihələr bu gün ölkənin beynəlxalq təsir imkanlarını artırır. Müsahibədə dövlət başçısının digər diqqətçəkən fikri gələcək perspektivlərlə bağlı oldu: "Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik." Bu bəyanat göstərir ki, Azərbaycanın enerji potensialı genişlənməkdə davam edir. Bu isə gələcəkdə Avropa bazarında ölkənin rolunun daha da artacağına dair mühüm siqnaldır. Müsahibənin vacib istiqamətlərindən biri Yaxın Şərqdəki vəziyyət və Hörmüz böhranı ilə bağlı idi. Hazırda dünya iqtisadiyyatında baş verən dəyişikliklər bir daha sübut edir ki, regional hadisələr qlobal təsirlərə malikdir.
Cənab Prezident İlham Əliyev qeyd etdi: "Təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir.” Bu fikir təsadüfi deyil. Çünki Azərbaycan uzun illər ərzində enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasəti həyata keçirib.
Müsahibənin mühüm siyasi mesajlarından biri də diplomatiya ilə bağlı oldu: "Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik." Beynəlxalq münasibətlərdə son illərdə müşahidə olunan əsas tendensiyalardan biri də siyasi və iqtisadi mərkəzlərin əvvəlki dövrlərlə müqayisədə daha çevik şəkildə dəyişməsidir. Əgər müəyyən dövrdə yalnız böyük güclər qlobal proseslərin əsas istiqamətlərini müəyyənləşdirirdilərsə, hazırda orta gücə malik dövlətlər də regional və beynəlxalq gündəliyin formalaşdırılmasında ciddi rol oynayırlar. Azərbaycanın mövqeyi də məhz bu reallıq çərçivəsində diqqət çəkir. Ölkə yalnız enerji resurslarına malik dövlət kimi deyil, həm də mühüm nəqliyyat marşrutlarının, logistika xətlərinin və siyasi dialoq platformalarının kəsişmə nöqtəsi kimi çıxış edir. Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən Azərbaycan coğrafi üstünlüyünü siyasi və iqtisadi üstünlüyə çevirməyə nail olur. Bu gün həyata keçirilən siyasət göstərir ki, məqsəd təkcə mövcud imkanlardan istifadə etmək deyil, eyni zamanda gələcək onilliklər üçün yeni əməkdaşlıq sisteminin formalaşdırılmasına töhfə verməkdir. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün əhəmiyyəti daha da artır və ölkənin strateji rolunu genişləndirir. Beynəlxalq münasibətlərdə uğurun əsas şərtlərindən biri qarşılıqlı etimada əsaslanan əməkdaşlıqdır. Azərbaycanın həyata keçirdiyi siyasət də məhz bu prinsiplər üzərində qurulub.
Cənab Prezident İlham Əliyevin müsahibəsi göstərdi ki, Azərbaycan dəyişən geosiyasi mühitdə yalnız hadisələrin iştirakçısı kimi deyil, həm də regional əməkdaşlığın formalaşmasına təsir göstərən ölkə kimi çıxış edir. Dünya yeni mərhələyə daxil olur və bu mərhələdə dövlətlərin əhəmiyyəti onların strateji baxışları ilə müəyyən olunacaq. Azərbaycanın seçdiyi yol isə uzunmüddətli sabitlik və qarşılıqlı əməkdaşlıq modelinə əsaslanır.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.