2026-cı ilin yanvar–aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 8,4 faiz artaraq 451,2 milyon dollar təşkil edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Hesabata əsasən, ilk dörd ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,5 faiz payla ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci yerdə qərarlaşıb.
Gürcüstandan Azərbaycana ixracın dəyəri 211,3 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalma deməkdir. Bununla belə, Azərbaycan Gürcüstanın ixracında 8,7 faiz payla Qırğızıstan və Çindən sonra üçüncü əsas ixrac bazarı olaraq qalır.
Azərbaycanın Gürcüstana tədarük etdiyi məhsulların dəyəri isə hesabat dövründə 18,7 faiz artaraq 239,8 milyon dollara yüksəlib. Azərbaycan 4,2 faiz payla Gürcüstanın əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı yeri tutur.
Ümumilikdə, hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi 8,13 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artım deməkdir. İxrac 2,44 milyard dollar, idxal isə 5,69 milyard dollar olub.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”