AZ

Rəşad Məmmədovdan kritik açıqlama: Türkiyə-Ermənistan sərhədi nə vaxt açılacaq?

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov “Azərbaycan Türkiyə–Ermənistan sərhədlərinin açılmasını istəyirmi?” sualına cavab verib.

Musavat.com-un xəbərinə əsasən, səfir “Cumhuriyet” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirak edir.

“İki ölkə arasındakı sərhəd Ermənistanda 7 iyun seçkilərindən və konstitusiyanın dəyişdirilməsindən sonra açılacaq”, - Rəşad Məmmədov deyib.

d7b4287a-6420-3be8-b823-46860a659ebf_1200.png

O vurğulayıb ki, Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində Ankara ilə koordinasiyalı siyasət aparır:

“Biz Türkiyə ilə razılaşdırılmış siyasət həyata keçiririk, Türkiyənin Xarici İşlər Nazirliyi ilə daim əlaqədəyik. Biz Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması proseslərini paralel şəkildə aparırıq. Bir-birimizlə razılaşır, addım-addım irəliləyirik”.

Səfir qeyd edib ki, əsas problemlərdən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır:

“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. 7 iyun seçkilərindən sonra onlar konstitusiyanı dəyişəcək və referendum keçirəcəklər. Ərazi iddiaları aradan qaldırıldıqdan sonra Azərbaycan və Ermənistan arasında ABŞ-də paraflanmış sülh sazişi imzalanacaq. Bundan sonra Ermənistan–Türkiyə və Ermənistan–Azərbaycan sərhədləri açılacaq”.

Rəşad Məmmədov həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması ilə bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, normallaşma istiqamətində artıq kiçik addımlar atılır və Azərbaycan da bu prosesdə iştirak edir:

“Azərbaycan artıq ticarətə başlayıb. Biz artıq Ermənistanın enerji təhlükəsizliyində müəyyən rol oynayırıq. Biz onlara neft məhsulları və yanacaq tədarük edirik. Qazaxıstan və Rusiyadan onların buğda və digər məhsullarının Azərbaycan üzərindən daşınması üçün şərait yaradırıq. Biz onlara deyirik ki, əgər sülh olsa, sizin təhlükəsizliyiniz də daha yaxşı olacaq. Türkiyə də kiçik addımlar atır”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da ötən ilin noyabrında bildirmişdi:

“Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanan kimi biz sərhəd qapılarını açacağıq”.

Türkiyə 1993-cü ildə Qarabağda Ermənistanın işğal siyasətinin genişlənməsindən sonra Ermənistanla sərhədlərini bağlamışdı. 2020-ci ildə Azərbaycanın Qarabağ və ətraf əraziləri azad etməsindən sonra Ankara–İrəvan münasibətlərinin normallaşması prosesi yenidən gündəmə gəlib. Ermənistan və Türkiyə arasında iki sərhəd keçid məntəqəsi mövcuddur: İğdırdakı Alican və Qarsdakı Akyaka.

Son olaraq, 13 mayda Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqların tamamlandığını açıqlayıb. Buna uyğun olaraq yeni tənzimləmə Türkiyədən Ermənistana birbaşa ixracın həyata keçirilməsinə imkan verəcək.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
21
3
musavat.com

4Mənbələr