Ağ Evin “İranın nüvə obyektlərinə təkrar zərbələr vuracağıq, bu ölkəni bitirəcəyik” təhdidi Yaxın Şərq savaşının artıq daha dağıdıcı mərhələyə keçməkdə olduğunu göstərir... İranın isə “Əlavə cəbhələr açacağıq, savaşı daha geniş coğrafiyaya, hətta bütün regiona yayacağıq” cavabı isə Yaxın Şərqdə situasiyanın genişmiqyaslı müharibə ssenarisinə yönəldiyini təsdiqləyir...
Yaxın Şərqdə hərbi-siyasi gərginlik yenidən təhlükəli həddə yaxınlaşır. Belə ki, son vaxtlar həm siyasi-diplomatik təmaslarda, həm də qarşıduran tərəflərin açıqlamalarında sərt ittihamlar daha ön planda yer almağa başlayıb. Bu isə onu göstərir ki, ABŞ və İran arasındakı hərbi-siyasi qarşıdurma artıq yalnız nüvə proqramı ətrafında deyil. Yəni, bu qarşıdurma hazırda bütövlükdə Yaxın Şərq regionunun gələcək geopolitik düzəni uğrunda geostrateji mübarizəyə çevrilib. Və məhz belə bir mərhələdə İranın Pakistan vasitəsilə ABŞ-a ünvanladığı yeni 14 maddəlik təkliflər paketi göndərməsi böyük maraq doğurur.
Bəzi məlumatlara görə, İranın hazırladığı yeni təkliflər paketinin əsas maddələri Yaxın Şərqdə hərbi əməliyyatların tamamilə dayandırılmasına, qarşılıqlı etimadın yaradılmasına yönəlik addımların atılmasına və eləcə də, geopolitik gərginliyin nəzarətdən çıxmasının qarşısının alınmasına yönəlib. Bu isə onu göstərir ki, rəsmi Tehran mövcud hərbi-siyasi böhranın tammiqyaslı regional savaşa çevrilməsinin qarşısının alınmasında maraqlıdır. Çünki İranın siyasi rəhbərliyi artıq anlayır ki, ABŞ ilə uzunmüddətli hərbi qarşıdurma yalnız bu dövlətin iqtisadi resurslarını tükəndirməyəcək, həm də ölkədaxili siyasi sabitlik üçün ciddi risklər yaradacaq.
Digər tərəfdən, Pakistanın vasitəçilik missiyasının yenidən ön plana çıxması da qətiyyən təsadüfi görünmür. Belə ki, Pakistan son dövrlərdə həm Ağ Ev, həm də rəsmi Tehran ilə qarşılıqlı münasibətlərdə nisbətən balanslı xəttin qorunmasına çalışır. Çünki rəsmi İslamabad İran ətrafında genişmiqyaslı savaş ssenarisini Pakistan üçün milli təhlükəsizlik problemi hesab edir. Ona görə ki, belə bir genişmiqyaslı müharibə enerji marşrutlarından tutmuş, bütövlükdə regional təhlükəsizlik sisteminə qədər bütün geopolitik balansı tamamilə poza bilər. Xüsusilə də, Əfqanıstan, Bəlucistan və Fars körfəzi ətrafında yeni destabilizasiya dalğasının yaranacağı təqdirdə, Pakistanın daxilində də təhlükəsizlik risklərinin ciddi şəkildə arta biləcəyi qətiyyən istisna deyil.

Bütün bunlarla yanaşı, ABŞ prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları Ağ Evin “maksimum təzyiq” strategiyasının artıq daha sərt mərhələyə keçirildiyini də göstərir. Belə ki, Ağ Ev sahibi Donald Tramp rəsmi Tehrandan İranın “kapitulyasiya etməsi” istəyir. ABŞ prezidenti İrandan hərbi qüvvələrin silahı yerə qoymasını və bu ölkənin rəhbərliyi tərəfindən məğlubiyyətin rəsmən qəbul olunmasını da tələb edir. Və Ağ Ev sahibinin bu tələbləri əslində, faktiki olaraq, İrana qarşı siyasi-psixoloji ultimatum xarakteri daşıyır.
Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Trampın belə sərt tələblər irəli sürməsində əsas məqsədin İran daxilində siyasi və ictimai təzyiq mexanizmlərini gücləndirmək olduğu bildirilir. Ağ Evdə hesab edirlər ki, İrana qarşı iqtisadi sanksiyalar, hərbi təhdidlər və informasiya təzyiqləri bir-birinə paralel şəkildə davam etdirilərsə, rəsmi Tehran strateji cəhətdən geriyə müəyyən addımlar atmağa məcbur qala bilər. Və bütün bunlarla yanaşı, ABŞ eyni zamanda, həm regional müttəfiqlərinə, həm də qlobal məkana öz sərt, üstəlik, prinsipial mövqeyini nümayiş etdirməyə çalışır.
Ancaq bu prosesdə əsas problemin ən təhlükəli tərəfi ondan ibarətdir ki, İran siyasi sistemi üçün “kapitulyasiya” anlayışı yalnız diplomatik güzəşt deyil. Bu anlayış İran cəmiyyətində həm də dövlətin siyasi-ideoloji və geopolitik məğlubiyyəti kimi də qəbul olunur. Ona görə də, bəzi ehtimallara görə, Ağ Ev sahibinin sərt tələbləri İran daxilində əks effekt yarada və siyasi-ictimai müqavimət xəttini daha da gücləndirə bilər. Və xüsusilə də, İran daxilində böyük təsir gücünə malik olan mühafizəkar siyasi dairələr ABŞ-ın həmin tələblərini məhz ölkənin suverenliyinə qarşı açıq təhdid kimi təqdim etməyə çalışırlar.

Eyni zamanda, Tramp administrasiyasının İranın nüvə obyektlərinə yeni zərbələr endirmək ehtimalını da gündəmdə saxlaması bu böhranın daha dağıdıcı hərbi fazaya keçmə riskini də ciddi şəkildə artırır. Belə ki, Ağ Ev İranın zənginləşdirilmiş uran ehtiyatlarını hərəkət etdirməyə və ya nüvə fəaliyyətini yenidən aktivləşdirməyə cəhd göstərəcəyi təqdirdə, ABŞ-ın növbəti dəfə hərbi güc variantının tətbiqinə geri qayıdacağını açıq şəkildə bəyanlayır. Və bu isə faktiki olaraq, İranın nüvə proqramı üzərində ABŞ-ın daimi hərbi nəzarət mexanizminin formalaşdırılmaqda olması anlamına gəlir.
Təbii ki, belə vəziyyətdə Yaxın Şərqdə hərbi-siyasi qarşıdurmanın inkişaf istiqamətləri üzrə bir neçə mümkün ssenari daha ön plana çıxır. Belə hesab olunur ki, birinci ssenari məhdud deeskalasiya variantıdır. Bəzi ehtimallara görə, bu halda, Pakistan, Oman və ya Qətər kimi vasitəçilərin iştirakı ilə qarşıduran tərəflər müəyyən qeyri-rəsmi razılaşmalar əldə edə bilərlər. Və belə razılaşmaların birbaşa müharibənin qarşısını müvəqqəti də olsa, ala biləcəyi qətiyyən istisna edilmir.
Gündəmdə ən çox müzakirə edilən ikinci ssenari uzunmüddətli, ancaq “idarə olunan qarşıdurma” modelinin ortaya çıxa biləcəyi ilə bağlıdır. Böyük ehtimalla bu modelin reallığa çevriləcəyi təqdirdə, ABŞ-ın iqtisadi sanksiyalar, lokal hərbi əməliyyatlar və siyasi-diplomatik təzyiq vasitələri üzərindən İranı strateji cəhətdən zəiflətməyə çalışa biləcəyi qətiyyən istisna olunmur. Və rəsmi Tehranın isə müqavinət reaksiyası kimi, İranın Yaxın Şərq regiondakı “proksi qüvvələr”, eləcə də, geopolitik tərəfdaşlar üzərindən hərbi-siyasi balans yaratmağa cəhd göstərəcəyi tamamilə inandırıcı görünür.

Maraqlıdır ki, üçüncü və ən təhlükəli ssenari isə məhz genişmiqyaslı regional savaş ehtimalı hesab olunur. Əgər, siyasi-diplomatik kanallar tamamilə iflic vəziyyətinə düşərsə, Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurma İraq, Suriya, Livan və Fars körfəzi də daxil olmaqla, daha geniş coğrafiyaya yayıla bilər. Belə bir situasiyada isə qlobal enerji bazarlarında ciddi böhranın yaranması, neftin qiymətlərinin kəskin şəkildə artması və dünyada iqtisadi qeyri-sabitliyin daha da dərinləşməsi qətiyyən istisna edilmir.
Belə anlaşılır ki, mövcud situasiyada Yaxın Şərq savaşı yalnız əslində, klassik nüvə böhranı çərçivəsini artıq çoxdan aşmış kimi görünür. Çünki Ağ Evin “İranın nüvə obyektlərinə təkrar zərbələr vuracağıq, bu ölkəni bitirəcəyik” təhdidinə rəsmi Tehranın “Əlavə cəbhələr açacağıq, savaşı daha geniş coğrafiyaya, bütün regiona yayacağıq” cavabı Yaxın Şərqdə situasiyanın genişmiqyaslı müharibə ssenarisinə doğru yönəlməkdə olduğunu göstərir. Və bu baxımdan, böyük ehtimalla Yaxın Şərq yaxın vaxtlarda bütün dünya üçün yeni hərbi təhlükəsizlik probleminə də çevriilə bilər.
Ona görə də, indi əsas məsələ Yaxın Şərqdə yeni güc balansının necə şərtlər altında formalaşacağı, enerji-kommunikasiya xətlərinə kimin nəzarət edəcəyi və gələcək regional təhlükəsizlik modelinin hansı qlobal siyasi iradə mərkəzləri tərəfindən qurulacağı ilə bağlıdır. Və bu baxımdan, hazırda Yaxın Şərqdə böyük güclər arasında davam edən mürəkkəb “geopolitik oyun”un hansı istiqamətlərə yönələ biləcəyi də hələlik qeyri-müəyyən xarakter daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
