ain.az bildirir, Apa.az portalına istinadən.
Bu gün getdikcə daha aydın görünür ki, şəhərlər artıq yalnız binalarının hündürlüyü ilə deyil, əlaqələrinin gücü ilə müəyyən olunur. Bu əlaqələrin mərkəzində isə enerji dayanır.
APA xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov WUF13 çərçivəsində təşkil olunan "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" xüsusi sessiya zamanı bildirib.
Onun sözlərinə görə, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişmə nöqtəsində yerləşən Azərbaycan regional enerji və ticarət bağlantılarının strateji mərkəzinə çevrilməklə bu gələcəyin qurulmasında mühüm rol oynayır.
"Bu rol Zəngəzur dəhlizinin qurulması ilə daha da güclənir", - nazir qeyd edib.
O əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən enerji bağlantıları təşəbbüsləri yeni enerji əməkdaşlığının təməlini qoyur, boru kəmərləri və optik komponentlərin birgə istifadəsi vasitəsilə bu layihələr geniş coğrafiyada rəqəmsal bağlantını da təmin edəcək.
"Bu gün uğurlu şəhərlər artıq binalarının ölçüsünə görə deyil, resurslardan istifadəsi, innovasiya, davamlılıq və inteqrasiya səviyyəsinə görə qiymətləndirilir. Biz bu cür şəhərlərin qurulmasına töhfə vermək və onları birləşdirib gücləndirəcək tərəfdaşlıqlar yaratmaq əzmindəyik", - Pərviz Şahbazov çıxışını yekunlaşdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.