AZ

Macarıstanın baş naziri Orbanın partiyası ilə bağlı polisə müraciət edəcək

Nazirlik binasında məhv edilmiş sənədlər və “Fides”ə aid təşviqat materiallarının tapıldığı bildirilir...

Macarıstanın baş naziri Peter Magyar keçmiş hakimiyyət nümayəndələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşdığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Tikinti və Nəqliyyat Nazirliyinin binasının zirzəmisində içərisində məhv edilmiş sənədlər olan təxminən iki onlarla zibil torbası aşkarlanıb. Həmin torbaların yaxınlığında keçmiş baş nazir Viktor Orbánın rəhbərlik etdiyi “Fides” partiyasına aid təşviqat materiallarının, o cümlədən vərəqələr və bayraqların tapıldığı bildirilir.

Peter Macar bildirib ki, aşkar edilən materiallar əvvəlki hökumətin mümkün qanun pozuntularına işarə edir. Onun sözlərinə görə, hadisə dövlət resurslarından siyasi məqsədlər üçün qanunsuz istifadə və partiyanın qeyri-qanuni maliyyələşdirilməsi ehtimalını ortaya çıxarır.

Baş nazir qeyd edib ki, məsələ ilə bağlı polisə rəsmi müraciət olunacaq və araşdırmaya Dövlət Nəzarət-Təftiş İdarəsi də cəlb ediləcək. O əlavə edib ki, istintaqın gedişi və nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq.

Müvafiq açıqlama Peter Macarın “Facebook” sosial şəbəkəsindəki hesabında dərc olunub. “Facebook” Meta Platforms şirkətinə məxsusdur.

Digər tərəfdən, nazirliyin keçmiş dövlət katibi Tünde Juhász məsələ ilə bağlı yayılan iddiaları təkzib edib. Magyar Nemzet qəzetinin məlumatına görə, o bildirib ki, videoda görünən zibil torbalarında rəsmi sənədlər olmayıb.

Tünde Yuhasın sözlərinə görə, tapılan partiya atributları keçmiş nazir János Lázárın şəxsi fəaliyyəti ilə əlaqəlidir və nazirlik həmin materialların hazırlanmasını sifariş etməyib və maliyyələşdirməyib. O həmçinin qeyd edib ki, binanın boşaldılması üçün quruma cəmi iki saat vaxt verildiyindən bəzi əşyalar zirzəmidə qalıb.

Xatırladaq ki, may ayının əvvəlində Peter Macar korrupsiyaya qarşı mübarizə aparacaq yeni dövlət qurumunun yaradıldığını elan etmişdi. Yeni qurumun son 20 ildə dövlət əmlakından sui-istifadə halları, korrupsiya sxemləri və aktivlərin ölkədən çıxarılması ilə bağlı araşdırmalar aparacağı bildirilir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr