Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuzundan xəbər verməklə, dünyanın diqqətini yenidən Bakıya yönəldəcək.
Publika.az xəbər verir ki, bu barədə FHN-in Baş əməliyyat idarəsinin rəis müavini Ağali Hüseynov deyib.
Onun sözlərinə görə, sessiyaya hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələri uğurla icra edir:
"Bu məqsədlə FHN-də Nazirliyin rəhbər vəzifəli şəxslərinin də təmsil olunduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib.
Təsdiq olunan Tədbirlər Planı üzrə qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin müvafiq qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə, FHN-in strukturları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi və digər istiqamətlərdə zəruri tədbirlər görülüb".