AZ

Dövlət Məşğulluq Agentliyinin sədri: Gənclər peşə seçərkən yalnız bu günün deyil, sabahın əmək bazarını da nəzərə almalıdırlar

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ağdaşda Region Gənclərinin Məşğulluq Forumu keçirilib

Ağdaş, 15 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Region Gənclərinin Məşğulluq Forumu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi regionlarda yaşayan gənclərə müasir və gələcək yönümlü peşələrin tanıdılması, xaricdə təhsil və inkişaf imkanları barədə düzgün məlumatın verilməsi və fərdi istedadların aşkarlanaraq onların inkişaf etdirilməsi yollarını aşılamaq olub.

Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə bildirib ki, region gənclərinin məşğulluğunun artırılması, onların əmək bazarına uğurlu inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, gənclərin düzgün peşə seçimi etmələri, müasir bacarıqlara yiyələnmələri və öz potensiallarını reallaşdırmaları üçün bu kimi platformalar mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Sahib Alıyev diqqətə çatdırıb ki, regionlarda yaşayan gənclərin keyfiyyətli təhsil, peşə hazırlığı və karyera imkanlarına çıxışının genişləndirilməsi onların gələcək uğurlarında mühüm rol oynayır. Onun sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən layihələr, məşğulluq proqramları və maarifləndirici təşəbbüslər onların əmək bazarına daha hazırlıqlı daxil olmalarına xidmət edir.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov çıxışında qeyd edib ki, son dövrlər müşahidə olunan süni intellekt, avtomatlaşdırma və rəqəmsallaşma bir tərəfdən bəzi ənənəvi peşələri dəyişir, digər tərəfdən isə tamamilə yeni imkanlar yaradır və Agentlik də öz fəaliyyətində bu tendensiyaları nəzərə alır. “Bu gün əmək bazarında işəgötürənlər ali təhsilli kadrlarla yanaşı, analitik düşüncə, rəqəmsal bacarıqlar, ünsiyyət qabiliyyəti, çeviklik və ömürboyu öyrənmə bacarığı olan insanlara üstünlük verirlər. Bu səbəbdən gənclərimiz peşə seçərkən yalnız bu günün deyil, sabahın əmək bazarını da nəzərə almalıdırlar. Dövlət Məşğulluq Agentliyi olaraq bizim əsas məqsədimiz də gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmalarına dəstək verməkdir”, - deyə H.Abbasov vurğulayıb.

Daha sonra forum panel müzakirəsi ilə davam etdirilib. Paneldə Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov “Əmək və məşğulluq siyasəti və gənclərin əmək bazarına keçidi”, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Gələcəyin əmək bazarında bərpa olunan enerji mənbələrinin rolu”, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə “Aqrar innovasiyalar və region gəncləri üçün karyera imkanları” mövzularında çıxış ediblər.

Panel müzakirəsində dövlət qurumlarının nümayəndələri tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənib.

Qeyd edək ki, forum çərçivəsində gənclər üçün peşə və məşğulluq yarmarkası təşkil olunub, müasir peşələrlə bağlı tanıtım stendləri qurulub, eləcə də region gənclərinin uğur hekayələrini əks etdirən sərgi təqdim olunub.

Müxbir – Rəşad Türkoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
3
azertag.az

4Mənbələr