AZ

Azərbaycan–İtaliya: strateji tərəfdaşlığının yeni və dayanıqlı mərhələsi

Məşhur Məmmədov
Milli Məclisin deputatı
2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında Bakıda keçirilən görüş və verilən bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli xarakter daşıdığını nümayiş etdirdi.
Bu səfər diplomatik protokol hadisəsi ilə yanaşı, həm də regionda və Avropada geosiyasi balanslara təsir edən mühüm hadisə kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri iki ölkə arasında artıq formalaşmış strateji tərəfdaşlıq modelidir.
2014 və 2020-ci illərdə imzalanmış sənədlər münasibətlərin hüquqi-siyasi əsasını təşkil edir və bu sənədlərin real nəticələr verdiyi artıq konkret faktlarla təsdiqlənir. Bu baxımdan, 2020-ci ildə Romada imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” münasibətlərin inkişafında yol xəritəsi rolunu oynayır.
Səfərin diqqətçəkən tərəflərindən biri də Ciorcia Meloninin əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi idi. Ölkə rəhbəri bu məqamın xüsusi rəmzi məna daşıdığını vurğulayaraq, bunu Azərbaycana göstərilən hörmət və balanslı yanaşmanın göstəricisi kimi qiymətləndirdi. Bu, İtaliyanın Cənubi Qafqaz siyasətində praqmatik və çoxtərəfli mövqe tutduğunu göstərir.
İki ölkə arasında siyasi münasibətlər ən yüksək səviyyədə olmaqla yanaşı, iqtisadi əməkdaşlıq da strateji xarakter daşıyır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və 2025-ci ildə ticarət dövriyyəsinin təxminən 12 milyard dollara çatması bu əlaqələrin miqyasını açıq şəkildə göstərir.
Xüsusilə energetika sahəsində əməkdaşlıq münasibətlərin əsas sütunlarından biridir. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında aparıcı mövqedədir və bu sahədə qarşılıqlı etimad uzun illər ərzində formalaşıb.
Bu kontekstdə Trans-Adriatic Pipeline (TAP) layihəsi xüsusi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan bu boru kəməri Azərbaycan qazını Avropaya çatdıraraq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Görüş zamanı qaz ixracının artırılması və TAP-ın genişləndirilməsi məsələlərinin müzakirə olunması gələcək əməkdaşlıq perspektivlərinin daha da geniş olduğunu göstərir.
Energetika ilə yanaşı, yeni əməkdaşlıq istiqamətlərindən biri kimi hərbi-texniki sahə də ön plana çıxır. Birgə istehsal, texnologiya transferi və investisiya imkanları bu sahədə tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə işarə edir. Bu, Azərbaycanın müdafiə sənayesinin inkişafı baxımından da əhəmiyyətli perspektivlər vəd edir.
İqtisadi əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliya iqtisadiyyatına yatırılan təxminən 3 milyard dollarlıq sərmayə iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli iqtisadi tərəfdaşlığın göstəricisidir. Eyni zamanda, İtaliyanın 130-a yaxın şirkətinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihə, əməkdaşlığın real iqtisadi nəticələrini əks etdirir.
Humanitar və təhsil sahəsində əməkdaşlıq da diqqətdən kənarda qalmır. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında intellektual körpü rolunu oynayır. Artıq yüzlərlə tələbənin burada təhsil alması gələcəkdə bu münasibətlərin daha da möhkəmlənəcəyinə zəmin yaradır. Bu universitet yalnız təhsil müəssisəsi deyil, həm də mədəni və elmi əməkdaşlığın simvoludur.
Tarixi baxımdan Azərbaycan və İtaliya arasında münasibətlər 1992-ci ildən etibarən sürətlə inkişaf edib və bu gün artıq çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçıları və yüksək səviyyəli rəsmilər arasında müntəzəm səfərlər, geniş müqavilə-hüquq bazası və parlamentlərarası əməkdaşlıq bu münasibətlərin institusional əsaslarını gücləndirir.
Tam əminliklə demək olar ki, 4 may 2026-cı il görüşü Azərbaycan–İtaliya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Energetika, ticarət, müdafiə sənayesi, təhsil və investisiya sahələrində artan əməkdaşlıq iki ölkəni yalnız tərəfdaş deyil, həm də strateji müttəfiqə çevirir. Bu münasibətlər modeli qarşılıqlı maraqlara əsaslanan, dayanıqlı və gələcəyə yönəlmiş əməkdaşlığın uğurlu nümunəsi kimi çıxış edir.

Seçilən
4
50
veteninfo.az

10Mənbələr