AZ

Azərbaycanın bir nömrəli ticarət tətəfdaşı- İtaliya

Xəbər verdiyimiz kimi İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 4-də Azərbaycanda səfərdə olub. Baş nazir səfəri ilə bağlı sosial hesabında paylaşım edib. Paylaşımda İtaliya Baş naziri Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək məqsədilə Bakıya səfər etdiyini bildirib.

“Bu tərəfdaşlıq İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət daşıyır.
Azərbaycanla enerji, təhlükəsizlik, nəqliyyat və logistika bağlantıları, investisiyalar və siyasi dialoq sahələrində artıq çox önəmli olan əməkdaşlığı daha da möhkəmləndirməyi və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirməyi hədəfləyirik.
Qlobal səviyyədə mürəkkəb proseslərin getdiyi bir dövrdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardan biridir”, - o qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında deyib ki, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir:

“İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır”.

Nəzərə alaq ki, İtaliyanın Baş Naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühim hadisədir, 2013-cü ildən bəri İtaliyanın Baş nazirləri ölkəmizə səfər etməmişdilər.

Səfər zamanı maraqlı rəqəmlər açıqlanıb. Məlum olub ki, son bir neçə ildə Azərbaycan İtaliyaya 3 milyard dollardan çox investisiya yatırıb.

Rusiya, Çin, Türkiyə və digər ölkələr Azərbaycanın xarici ticarətində tutduğu mövqeyə görə illər üzrə bir-birini əvəz etsə də, Azərbaycan üçün birinci sırada olan İtaliya öz yerini 20 ildir ki, kimsəyə vermir.

Bu gün ölkənin xarici ticarət dövriyyəsində hər 100 dolların 24 dolları, ixrac gəlirlərimizdə isə hər 100 dolların 45 dolları məhz İtaliyanın payına düşür.

Əlqərəz, İtaliya Azərbaycanın enerji arteriyalarının son dayanacağı, iqtisadi dövriyyəsinin isə ürəyidir.

Bir sözlə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycan ticarət dövriyyəsinin 24 faizi bu ölkənin payına düşüb. Eyni zamanda, Azərbaycan ixracat etdiyi məhsulların 45,3 faizini İtaliyaya göndərir.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4.0 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollaradək yüksəlib. İtaliya ilə ticarət dövriyyəsində Azərbaycan 10 milyard 824 milyon dollarlıq müsbət saldoya malikdir.

Azərbaycan eyni zamanda İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 93 %-i Azərbaycanın payına düşür. Belə ki, ötən il İtaliyanın Ermənistanla ticarət dövriyyəsi 453, Gürcüstan ilə isə 442 milyon dollar olub. Bu da onu göstərir ki, Azərbaycan İtaliya üçün regional olaraq strateji müttəfiq ölkədir. Növbəti mərhələdə də iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir.

Son illər qarşılıqlı sərmayə qoyluşlarında da artımlar müşahidə olunur. Azərbaycan son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Göründüyü kimi, son dövrlərdə iki tərəf arasında müsbət addımların atılması strateji tərəfdaşlığın yalnız sənədlərdə deyil, real həyatda və praktiki əməkdaşlıq sahələrində də təsdiqini tapdığını göstərir.

Qeyri neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Ölkələr arasındakı səmimi və strateji tərəfdaşlığa əsaslanan münasibətlər birgə layihələrin icrası üçün yeni imkanlar yaradır. İtaliya baş nazirinin Azərbaycana səfəri ölkələr arasındakı strateji münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək.

News365.az

Seçilən
0
50
news365.az

10Mənbələr