“İtaliya Azərbaycanın Avropa məkanında ən yaxın müttəfiqlərindən, strateji tərəfdaşlarından biridir. Bu ölkə ilə siyasi əlaqələrlə yanaşı, iqtisadi sferada da əməkdaşlıq ən yüksək səviyyədədir. Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən birini enerji sektoru təşkil edir. Heç şübhəsiz ki, İtaliyanın baş naziri Ciorcia Meloninin ölkəmizə səfəri sadaladığımız istiqamətdə əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacaq”.
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfərini şərh edərkən səsləndirib. Politoloq deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas ölkələrdən və bu sırada İtaliya da Azərbaycandan qaz idxal edən ölkələr arasında öndə gəlir:
“Bu baxımdan iki ölkə arasında Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri layihələri xüsusi əhəmiyyət kəsb edir. Məhz bu layihələr vasitəsilə Azərbaycan qazı birbaşa İtaliya bazarına çatdırılır. Təsadüfi deyil ki, Meloninin Bakıda keçirdiyi görüşlər zamanı da Azərbaycan rəhbərliyi ilə apardığı danışıqların əsas mövzusu məhz enerji sektoru oldu. Elə Azərbaycan Prezidenti də İtaliya baş naziri ilə birgə mətbuata verdiyi bəyanat zamanı bunları dedi: “Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”. Dövlət başçısının söylədiyi fikirlər onu deməyə əsas verir ki, Meloninin səfəri enerji sektorunda əməkdaşlıq istiqamətində yeni bir səhifə açacaq və qeyd edilən istiqamətdə əlaqələr daha da genişlənəcək”.
Arzuman Muradlı qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, həm də Azərbaycan qazının əsas idxalçılarındandır:
"Bu əməkdaşlıq Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından da mühüm rol oynayır və siyasi sabitliyə xidmət edir. İqtisadi və ticarət əlaqələri enerji sahəsi ilə yanaşı, Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin digər sahələri də uğurla inkişaf edir. İtaliya şirkətləri Azərbaycanda infrastruktur layihələri, tikinti, maşınqayırma və kənd təsərrüfatı sahələrində fəal iştirak edirlər. Ən əsası Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesində də İtaliya şirkətləri fəal iştirak edirlər. Elə Prezident İlham Əliyev də bildirdi ki, Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir”.
Politoloqun sözlərinə görə, bütün bunları ümumiləşdirərək deyə bilərik ki, İtaliyanın baş naziri Giorgia Meloninin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq.
Süleyman