Bakı, 3 may, AZƏRTAC
Bu cür idman tədbirləri insanları daha fəal olmağa ruhlandırır.
Bunu AZƏRTAC-a açıqlamasında mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da iştirak edən 2026-cı il üçün idman səfiri seçilən akrobatika gimnastikası üzrə hakim Aynur Yusufova deyib.
O, marafonda iştirak etdiyi üçün sevincini bölüşüb: “İdman səfiri kimi qatıldığım ilk marafondur. Sevindiricidir ki, yaşından asılı olmayaraq çox sayda insan bu marafona qoşularaq öz gücünü sınadı. Xüsusilə gənclərin çoxluq təşkil etməsi qürurvericidir. Bu isə onu göstərir ki, idmana maraq artır, sağlam həyat tərzini seçən və seçmək istəyən gənclərimizin sayı gündən-günə çoxalır. İnanıram ki, “Bakı Marafonu” bundan sonra da daha geniş miqyas alacaq və hər il daha çox insanı əhatə edəcək”.
Qeyd edək ki, ilk dəfə olaraq marafon 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil edilib və yarışa 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi və incəsənət xadimləri, həmçinin ziyalılar qoşulublar. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrdən olan iştirakçılar da qələbə uğrunda mübarizə aparıblar. Hər il olduğu kimi, builki marafona da fiziki imkanları məhdud şəxslər, eləcə də Daun sindromlu iştirakçılar qatılıblar.