Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən “Bakı Marafonu 2026” başa çatıb. Bir qədər sonra “Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərin mükafatlandırılması mərasimi olacaq.
Publika.az xəbər verir ki, qaliblər üçün pul mükafatları da nəzərdə tutulub. Belə ki, birinci yerin qalibinə 6000 AZN, ikinci yerə 4000 AZN, üçüncü yerə isə 2000 AZN təqdim olunacaq. Bununla yanaşı, 42 kilometr məsafəni başa vuran bütün iştirakçılar medalla təltif ediləcək. Daha qısa məsafələr üzrə də mükafatlandırma tətbiq olunacaq: 21 kilometrlik yarımarafonu tamamlayan ilk 2000 iştirakçı medal əldə edəcək, 10 kilometr məsafəni qət edənlər isə sertifikatlarla mükafatlandırılacaq.
İlk dəfə olaraq marafon 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil edilib və yarışa 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi və incəsənət xadimləri, həmçinin ziyalılar qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrdən olan iştirakçılar da qələbə uğrunda mübarizə aparıblar.