Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu İllik Toplantısı öz işinə başlayıb.
"Far.Az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu il görüş "Tərəqqinin kəsişmə nöqtəsi: regionun qarşılıqlı əlaqəli gələcəyinə dəstək" mövzusunda keçirilir.
Əsas tədbirlər mayın 3-dən 6-dək baş tutacaq.
Qeyd etmək lazımdır ki, tədbirdə Azərbaycanı maliyyə naziri və AİB-nin Rəhbərlər Şurasının üzvü Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Bu il iclasda yüksək vəzifəli dövlət məmurları, üzv ölkələrin mərkəzi banklarının rəhbərləri, beynəlxalq maliyyə institutlarının, özəl sektor, vətəndaş cəmiyyəti və KİV nümayəndələri daxil olmaqla, üç mindən çox şəxs iştirak edəcək.
Forumun gündəliyi üç strateji sütun üzərində cəmləşib: "İnkişaf üçün əlaqəlilik", "İnkişaf üçün məlumatlar" və "İnkişaf üçün resursların səfərbər edilməsi".
İştirakçılar Asiya-Sakit okean regionunda "yaşıl" transformasiya, infrastrukturun rəqəmsallaşdırılması və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edirlər.
Rəsmi proqrama əsasən, CAREC və ASEAN ölkələri arasında regional maliyyə əlaqələrinin möhkəmləndirilməsi yollarının müzakirə ediləcəyi dayanıqlı kapital bazarları üzrə seminarlar əsas tədbirlər olacaq. Bundan əlavə, AİB-nin yeni ekoloji və sosial standartlarının müzakirə ediləcəyi vətəndaş forumu, habelə dövlət-özəl tərəfdaşlığına və infrastruktur layihələrinə özəl investisiyaların cəlb edilməsinə həsr olunmuş görüş keçiriləcək.
Xatırladaq ki, 58-ci illik toplantı 2025-ci ilin may ayında Milanda (İtaliya) keçirilmişdi.
AİB-nin Rəhbərlər Şurasının illik görüşləri bankın inzibati, maliyyə və əməliyyat fəaliyyətinin strateji istiqamətlərini müəyyən etmək üçün əsas platforma rolunu oynayır. Bu, iştirakçı ölkələr üçün qlobal iqtisadi çağırışların həlli məqsədilə AİB ekspertləri, QHT-lərin, akademik dairələrin və özəl sektorun nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndirmək üçün unikal fürsətdir.