ABŞ prezidenti Donald Tramp Almaniyadakı Amerika hərbi kontingentinin sayına yenidən baxıldığını və yaxın vaxtlarda onların mümkün azaldılması ilə bağlı qərar veriləcəyini bildirib...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg yazır.
Qeyd olunur ki, bu addım İranla müharibə fonunda NATO üzrə əsas müttəfiqlərdən biri olan Almaniya ilə münasibətlərdə gərginliyi daha da artıra bilər.
"Birləşmiş Ştatlar Almaniyadakı qoşunların sayının azaldılması imkanını araşdırır və bu məsələ ilə bağlı qərar yaxın vaxtlarda qəbul ediləcək", deyə Amerika lideri vurğulayıb.
Nəşr xatırladır ki, Vaşinqton və Berlin ABŞ və İsrailin fevralın sonunda başladığı müharibəyə yanaşmada getdikcə daha çox fərqli mövqelər sərgiləyir. Həftənin əvvəlində Almaniya kansleri Fridrix Merz bildirib ki, amerikalı danışıqlar aparanlar İran rəhbərliyi tərəfindən "alçaldılır", çünki danışıqlar gah dayanır, gah bərpa olunur, gah da uzanır və münaqişənin bitəcəyinə dair heç bir əlamət yoxdur.
Buna cavab olaraq Tramp Merzin nə danışdığını bilmədiyini deyib. O, hərbi əməliyyatları müdafiə edərək əlavə edib ki, hazırda İranla bağlı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu addımları atır.
Bloomberg qeyd edir ki, Tramp daha əvvəl də Almaniyadakı qoşunların sayını şübhə altına almışdı. Onun ilk prezidentlik dövründə İkinci Dünya müharibəsindən bəri müttəfiq olan bu ölkədən təxminən 9500 amerikalı hərbçinin çıxarılması barədə göstəriş verilmişdi, lakin plan tam icra olunmamışdı. Hazırda Almaniya ərazisində təxminən 35 min ABŞ hərbçisi yerləşir.
Poliqon.info