AZ

Ermənistan Xarici İşlər Nazirliyindən Bakı–İrəvan görüşü barədə açıqlama

Ağveran şəhərində Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüş baş tutub.

Musavat.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, 29 aprel 2026-cı il tarixində keçirilən 13-cü iclasa Ermənistan baş nazirinin müavini Mger Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev həmsədrlik edib.

Görüş zamanı tərəflər delimitasiya işlərinin təşkili və texniki məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıblar. Eyni zamanda, sərhədin müəyyənləşdirilməsi prosesinə dair bir sıra mühüm sənəd layihələrinin mətnləri razılaşdırılıb və qarşılıqlı şəkildə mübadilə olunub. Bu sənədlər arasında delimitasiya üzrə ekspert qruplarının fəaliyyət qaydaları, dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması və delimitasiya sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı təlimatlar yer alır.

Tərəflər bu təlimatların təsdiqi üçün hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.

Görüş çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparıblar. Bildirilib ki, Azərbaycan ərazisindən Ermənistana yük tranziti uğurla həyata keçirilir və hazırda davam edir. Bununla yanaşı, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin formalaşmasının göstəricisi kimi qiymətləndirilib.

İclasda həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı mal və xidmətlərin tədarükü, eləcə də tranzit daşımaların genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, əldə olunan nəticələr Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən nümayiş etdirilən siyasi iradə sayəsində mümkün olub.

Görüşün yekununda müvafiq protokol imzalanıb. Tərəflər növbəti iclasın Azərbaycanın ərazisində keçirilməsi və tarixinin iş qaydasında müəyyənləşdirilməsi barədə razılığa gəliblər.

Musavat.com

Seçilən
61
50
musavat.com

10Mənbələr