Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu son bir həftə ərzində ölkəsinə qarşı həyata keçirdiyi hücumlarda 60 raket, təxminən 1 900 silahlı pilotsuz uçuş aparatı (PUA) və 1 400-ə yaxın idarəolunan bomba istifadə edib.
"Cebheinfo.az" xəbər verir ki, Zelenski sosial media hesabında etdiyi paylaşımda Rusiyanın son bir həftədə Ukraynaya qarşı həyata keçirdiyi hava hücumlarını dəyərləndirib.
Onun sözlərinə görə, Rusiya ordusu bu müddət ərzində Ukraynaya müxtəlif tipli 60 raket və təxminən 1 900 PUA atıb. Bundan əlavə, hücumlarda 1 400-ə yaxın idarəolunan bombadan da istifadə edildiyini qeyd edib.
Avropa İttifaqının (Aİ) Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro kredit ayırması və Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etməsi ilə bağlı Zelenski bildirib ki, bu addımlar Rusiyanın hücumlarının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır:
“Yardım göstərən bütün müttəfiqlərimizə təşəkkür edirik. Hava müdafiə sistemimiz artıq pilotsuz uçuş aparatlarının 90 faizdən çoxunu məhv etməyə nail olur”.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı yazılı açıqlamada qeyd olunub ki, Rusiya ordusu bu gecə Ukraynaya 94 ədəd “Şahed”, həmçinin “Gerbera” və “İtalmas” tipli PUA-larla hücum edib.
Hava Müdafiə Qüvvələrinin 74 PUA-nı məhv etdiyi bildirilib. Qalan PUA-ların isə ölkə ərazisində 15 nöqtəyə düşdüyü qeyd olunub.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) məlumatına görə, Sumi vilayətinə edilən hücum nəticəsində 1 nəfər həyatını itirib. Odessa vilayətinə təşkil edilən hücumda isə 2-si uşaq olmaqla 11 nəfər yaralanıb.