Azərbaycanın qadın güləşçiləri Jalə Əliyeva, Ruzanna Məmmədova və Birgül Soltanova Avropa çempionatında bürünc medal qazana bilərlər.
Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.
Dördüncü yarış günündə qadın güləşi üzrə Azərbaycan millisinin son 3 üzvü mübarizəyə qoşulub.
Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andrixə və inlandiyalı Yenna Hemiaeyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla məğlub olan Əliyeva sabah bürünc medal uğrunda Tamara Dollak (Macarıstan) – Arina Demçanka (Belarus) qarşılaşmasının qalibiylə güləşəcək.
Ruzanna Məmmədova (62 kq) ukraynalı İlona Prokopevniuka tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:5. Ruzanna sabah bürünc medal görüşündə almaniyalı Naemi Laystnerlə üz-üzə gələcək.
Birgül Soltanova (65 kq) rumıniyalı 4 qat Avropa mükafatçısı Krista İntseyə 3:1 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finala yüksəlməyə də çox yaxın olub. Rusiyalı dünya ikincisi Alina Kasabiyeva ilə görüşdə 8:0 hesablı üstünlük əldə edən Soltanova tədricən təşəbbüsü əldən verib və minimal fərqlə (10:11) məğlub olub. Birgül sabah bürünc medal uğrunda türkiyəli Beyza Akkuşla güləşəcək.
