AZ

Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQLAR - SENSASİON gəlişmə

Ermənistanda keçiriləcək parlament seçkiləri və Avropa İttifaqının, həmçinin Avropa Siyasi Bürosunun sammitləri ərəfəsində Rusiyanın İrəvana basqıları artır.

Musavat.com-un məlumatına görə, növbəti xəbərdarlıqlar Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovdan gəlib.

Rusiya rəsmisi bildirib ki, Ermənistan Avropa İttifaqına daxil olarsa, ÜDM-in təxminən 23%-ni itirə bilər. Daha sonra o, konkret sahələr üzrə də xəbərdarlıqlar edib:

“Ümumilikdə, Aİ-yə daxil olmaq, ən mühafizəkar hesablamalara görə, Ermənistana ÜDM-nin təxminən 23%-nə başa gələcək, əmək bazarının kütləvi şəkildə daralması və inflyasiyanın artması həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq. Daxili istehlak 20%-dən çox azalacaq”.

BBBBBBBBB.png

Aleksey Şevtsov xatırladıb ki, Ermənistan Aİİ müqaviləsinin iştirakçısı olduğu halda belə, İttifaqla assosiasiya sazişi bağlaya bilməz; İrəvan əvvəlcə təşkilatı tərk etməlidir. Rusiya rəsmisi İrəvanın Aİİ-yə üzvlüyü halında ixrac məhdudiyyətlərinin bərpası, məhsul və xidmətlərə vahid tələblərin dayandırılması, tam gömrük nəzarətinin qaytarılması, Ermənistandan gələn miqrantlar üçün güzəştli rejimin ləğvi və yükdaşımalarda standart tariflərin tətbiqi ilə bağlı xəbərdarlıqlarını səsləndirib.

“Belə olan halda fermerlər yeni bazarlar axtarmalı olacaqlar: gömrük rüsumları onların mallarını rəqabətsiz edəcək. Yükdaşıma xərcləri artacaq, investisiyalar azalacaq və güzəştli enerji təchizatı aradan qaldırılacaq”, - deyə o bildirib.

Şevtsov hesab edir ki,  tənəzzülə gətirib çıxaraErmənistanın Aİİ-dən çıxması həm də əhəmiyyətli iqtisadicaq.

“Ən mühafizəkar hesablamalara görə, ÜDM 15,1%, daxili istehlak 14,1%, sənaye istehsalı isə 26,3% azalacaq”, - Təhlükəsizlik Şurası katibinin müavini qeyd edib.

Onun sözlərinə görə, əsas zərər metallurgiya, içki, tütün və yeyinti sənayesinə dəyəcək. İnflyasiya 14,3 faiz bəndi, işsizlik isə 6,4 faiz artacaq.

“Eyni zamanda digər ölkələr əhəmiyyətli mənfi nəticələrlə üzləşməyəcək - itkilər yüzdə yüzdə bir olacaq”, - Şevtsov əlavə edib.

Onun sözlərinə görə, Aİ-yə daxil olduqdan sonra Ermənistan da İttifaqın standartlarına uyğunlaşmalı olacaq.

“Mallar bazar kvotaları ilə və texniki reqlamentlərə riayət etmək zərurəti ilə üzləşəcək, bu isə öz növbəsində əlavə investisiya tələb edəcək. Avropa gömrük nəzarəti sisteminin tətbiqi zərurəti malların sərbəst tranzitinə faktiki olaraq son qoyacaq”, - deyə Təhlükəsizlik Şurası katibinin müavini qeyd edib.

Nəticədə ölkənin ÜDM-i daha 7,7%, daxili istehlak 7,48%, inflyasiya 8,3 faiz bəndi, işsizlik isə 4,1% azala bilər, deyə Şevtsov bildirib.

TASS agentliyinin verdiyi məlumata görə, Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini deyib ki, Ermənistan Aİ-yə daxil olarsa, Rusiya və İranla potensial viza rejiminin tətbiqi bu ölkəyə turist axınını əhəmiyyətli dərəcədə azaldacaq.

“Turizmin Ermənistanda ÜDM-in təxminən 13,5%-ni təşkil etdiyini və rəsmi məşğul əhalinin demək olar ki, dörddə birinin bu sektorda işlədiyini nəzərə alsaq, bu, ölkə iqtisadiyyatına və onun sakinlərinə ciddi zərbə vuracaq”, - Şevtsov xəbərdarlılarını davam etdirib.

Onun sözlərinə görə, İrəvanın Avropanın siyasi sanksiyalarına qoşulması iqtisadiyyatın daha da daralmasına gətirib çıxaracaq.

Nəqliyyat sektoru xüsusilə ağır zərbə alacaq: Ermənistanın yük dövriyyəsinin böyük hissəsi (Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 80%-ə qədər) Rusiyadan gəlir.

“Bundan başqa, Aİ-yə daxil olmaq turist və tranzit sərnişin axınını əhəmiyyətli dərəcədə dəyişəcək: Ermənistan Turizm Komitəsinin məlumatına görə, Ermənistan turistlərinin demək olar ki, yarısı Rusiyadan (41%) və İrandan (daha 8%) gəlir və rusiyalı turistlərdən illik gəlir 1 milyard dollara çatır”, - o qeyd edib.

Aİ və Rusiyanın Ermənistan uğrunda mübarizəsi nə ilə nəticələnəcək? Son xəbərdarlıqlar hansı perspektivlər vəd edir?

TURAL

Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov tərəfindən səsləndirilən “Ermənistan Aİ-yə daxil olarsa, ÜDM-in 23%-ni itirə bilər” tezisi sırf iqtisadi proqnozdan çox, klassik geosiyasi mesaj xarakteri daşıyır:

“Bu tip açıqlamalar Kremlin uzun illərdir istifadə etdiyi “inteqrasiya seçimi - iqtisadi itki” narrativinin davamıdır və əsas məqsəd İrəvanın qərbyönümlü kursunu zəiflətməkdir. Əslində, məsələ təkcə Avropa İttifaqı ilə mümkün yaxınlaşma deyil. Burada paralel olaraq Rusiya və İran ilə münasibətlərin gələcək formatı müzakirə predmetinə çevrilir. Moskva yaxşı anlayır ki, Ermənistanın Aİ ilə dərin inteqrasiyası avtomatik olaraq postsovet iqtisadi məkanından qopma, enerji və logistika asılılığının mərhələli şəkildə azalması deməkdir. Bu isə Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqlarının zəifləməsi ilə nəticələnə bilər. Turizm arqumenti də daha çox psixoloji təsir alətidir. Şevtsovun “viza rejimi tətbiq olunarsa, turist axını azalacaq” fikri texniki baxımdan mümkündür, lakin bu, birtərəfli yanaşmadır. Çünki Ermənistanın Qərb bazarlarına açılması, investisiya mühitinin yaxşılaşması və institusional islahatlar orta və uzunmüddətli perspektivdə itkiləri kompensasiya edə bilər. Sadəcə, keçid dövrü ağrılı olacaq - Moskva məhz bu “ağrını” şişirdərək siyasi təsir mexanizminə çevirir”.

T.İsmayılov qeyd edib ki, may ayında İrəvanda keçiriləcək Aİ və Avropa siyasi platformaları çərçivəsində tədbirlər ərəfəsində təzyiqlərin artması təsadüfi deyil:

“Bu, həm də daxili auditoriyaya yönəlib. Seçkiöncəsi dövrdə Ermənistan hakimiyyəti üçün qərbyönümlü kursu əsaslandırmaq çətinləşir, çünki sosial-iqtisadi risklər daha həssas qəbul olunur. Rusiya isə bu boşluğu aktiv informasiya və siyasi pressinqlə doldurmağa çalışır. Nələr ola bilər? Birincisi, iqtisadi təzyiq alətləri - enerji qiymətləri, ticarət məhdudiyyətləri və miqrant faktorunun aktivləşdirilməsi gündəmə gələ bilər. İkincisi, informasiya müharibəsi güclənəcək: Ermənistan daxilində Qərb inteqrasiyasına qarşı skeptik mövqelər stimullaşdırılacaq. Üçüncüsü, təhlükəsizlik müstəvisində qeyri-müəyyənlik artırıla bilər ki, bu da İrəvanı balans siyasətinə məcbur etsin. Reallıq isə belədir: Ermənistan “ya Qərb, ya Rusiya” dilemması ilə üz-üzədir və hər iki seçim müəyyən itkilər və risklər ehtiva edir. Amma strateji baxımdan əsas sual budur - İrəvan qısamüddətli iqtisadi rahatlığı seçəcək, yoxsa uzunmüddətli suveren qərarvermə imkanlarını?”

E.Paşasoy,
Musavat.com

Seçilən
44
33
musavat.com

10Mənbələr