Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində "Bayer Leverkuzen" ilə "Volfsburq" komandaları arasında keçirilən qarşılaşma məhsuldar nəticə ilə yadda qalıb.
90deqiqe.Az-ın məlumatına görə, "Bayer Leverkuzen" doğma meydanda rəqibini 6:3 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb.
Görüşə qonaqlar fəal başlayıb. 16-cı dəqiqədə Yonas Vind hesabı açaraq komandasını önə keçirib. 30-cu dəqiqədə Aleksandro Qrimaldo cərimə zərbəsini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Lakin cəmi bir dəqiqə sonra Yoakim Mehle yenidən qonaqları hesabda irəli çıxarıb.
38-ci dəqiqədə Kristian Eriksen penaltidən fərqlənərək hesab arasındakı fərqi artırıb. İlk hissənin sonlarına yaxın, 44-cü dəqiqədə yenidən Aleksandro Qrimaldo fərqlənərək hesabı minimuma endirib.
İkinci hissədə meydan sahibləri oyuna nəzarəti tam ələ alıblar. 53-cü dəqiqədə Patrik Şik penaltidən dəqiq yararlanaraq hesabı bərabərləşdirib. 68-ci dəqiqədə Edmon Tapsoba komandasını önə keçirən qolu vurub.
73-cü dəqiqədə İbrahim Maza fərqlənərək üstünlüyü daha da möhkəmləndirib. Qarşılaşmanın əlavə olunmuş vaxtında, 90+6-cı dəqiqədə Malik Tillman yekun hesabı müəyyənləşdirib – 6:3.
Bu nəticədən sonra "Bayer Leverkuzen" 49 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Volfsburq" isə 21 xalla 17-ci yerdə qalmaqda davam edir.
Növbəti turda "Bayer Leverkuzen" səfərdə "Borussiya Dortmund" ilə qarşılaşacaq. "Volfsburq" isə doğma meydanda "Ayntraxt Frankfurt" komandasını qəbul edəcək.