Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə bazarı üçün Rusiya qazının qiymətlərinin artırılmasını az ehtimal olunan hesab edir.
Qaziler.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
"Belə söhbətlər yeni deyil və məsələn, qazın və ya malların qiymətləri ilə bağlı müzakirələr uzun illərdir aparılır və əgər belə bir qərar qəbul edilərsə, Ermənistan öz qərarını verəcək və həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq. Amma mən düşünmürəm ki, iş bu yerə çatsın, çünki ölkə rəhbərləri arasında çox yaxşı, məhsuldar və səmərəli söhbətin baş tutduğunu da bilirəm", - Simonyan deyib.
O əlavə edib ki, Ermənistan Rusiyaya qarşı heç bir addım atmayıb və atmır.
"Biz Rusiyaya qarşı heç nə etməmişik, etmirik və etməyəcəyik, lakin bununla belə Ermənistan Respublikasının maraqlarını müdafiə edəcəyik", - o qeyd edib.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan eyni məsələ ilə bağlı bildirib ki, Ermənistan üçün Rusiya qazının qiyməti çox güman ki, dəyişməyəcək, çünki tərəfdaşlar üçün Ermənistanın KTMT və Aİİ tərkibində qalması vacibdir.
Report.az