Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilən intensiv və arabir güclənən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur.
Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir.