İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Yaxın Şərqdə davam edən müharibə fonunda ABŞ-ın regiondakı hərbi bazalarını sərt tənqid edib.
Musavat.com xəbər verir ki, Qalibaf sosial şəbəkə X hesabında paylaşdığı mesajda bildirib ki, hazırkı müharibə ABŞ hərbi mövcudluğunun region ölkələrini qorumadığını açıq şəkildə göstərib.
“Bu müharibə bir şeyi tam aydın göstərdi: regionumuzdakı Amerika bazaları heç kimi qorumur – onlar əksinə, təhlükə yaradır”, – deyə İran parlamentinin spikeri yazıb.
Qalibaf həmçinin Vaşinqtonu İsrailin maraqlarını prioritet saymaqda ittiham edib.
“Amerika hamını İsrail naminə qurban verir və İsraildən başqa heç kim haqqında düşünmür. ABŞ-ın geyindirdiyi hər kəs əslində çılpaqdır”, – deyə o əlavə edib.
Xatırladaq ki, 28 fevraldan etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirməyə başlayıb. Hücumlar nəticəsində ölkədə dağıntılar və insan tələfatı qeydə alınıb.
Tehran isə buna cavab olaraq İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirib.
ABŞ və İsrailin hücumları nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxsləri də həlak olub.
Bundan sonra münaqişə daha da genişlənib. 2 mart tarixində “Hizbullah” hərəkatı da müharibəyə qoşulduğunu elan edib.
İsrail isə buna cavab olaraq təşkilata qarşı hücum əməliyyatına başladığını və qoşunlarının Cənubi Livana daxil olduğunu açıqlayıb.
Musavat.com