
ABŞ Maliyyə Nazirliyi 12 mart tarixinədək gəmilərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışı ilə bağlı əməliyyatlara qoyulan sanksiyaları müvəqqəti olaraq ləğv edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilmiş baş lisenziya bu növ əməliyyatların aprelin 11-nə qədər həyata keçirilməsinə icazə verir.
Sözügedən sənəd ABŞ-ın Şərq sahili vaxtı ilə 12 mart 2026-cı il saat 00:01-dək (Bakı vaxtı ilə saat 08:01) istənilən gəmiyə, o cümlədən ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahılarına daxil edilmiş (bloklanmış) gəmilərə yüklənmiş Rusiya neftinin və neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı sövdələşmələri əhatə edir. Bu icazə 11 aprel 2026-cı il saat 12:01-dək (Bakı vaxtı ilə saat 20:01) qüvvədə olacaq.
ABŞ rəsmiləri bu addımı dənizdə qalmış neft yüklərinin dünya bazarına çıxarılmasını təmin etmək və qlobal enerji qiymətlərindəki artımı cilovlamaq üçün atılan dar çərçivəli və qısamüddətli tədbir kimi qiymətləndiriblər. Qeyd olunub ki, bu qərar Rusiyaya qarşı tətbiq edilən ümumi sanksiya siyasətinin dəyişməsi demək deyil, yalnız tranzit halında olan yüklərin logistik problemlərini həll etmək məqsədi daşıyır.