AZ

XIII Qlobal Bakı Forumu həm də diplomatik əməkdaşlığın alətlərindən biridir ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 mart, AZƏRTAC

Beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşdığı bir dövrdə qlobal dialoq platformalarının rolu getdikcə güclənir. Geosiyasi gərginlik və beynəlxalq sistemin transformasiyası şəraitində siyasi liderlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri arasında qlobal dialoq platformalarının əhəmiyyəti daha da artır. Belə platformalardan biri kimi “Keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması” mövzusuna həsr olunmuş XIII Qlobal Bakı Forumu xüsusi diqqət çəkir. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsinin adını daşıyan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Forum müxtəlif ölkələrin fəaliyyət göstərən və sabiq dövlət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, diplomatları və analitikləri bir araya gətirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə ziddiyyətlərin artması və dünya siyasətində baş verən struktur dəyişikliklər fonunda bu cür tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Forum regional təhlükəsizlik və enerji siyasətindən tutmuş beynəlxalq institutların islahatları və dayanıqlı inkişaf məsələlərinə qədər müasir dövrün əsas çağırışlarının müzakirə olunduğu platforma rolunu oynayır.

Y.Hacıyeva vurğulayıb ki, bu tip forumlar hüquqi baxımdan məcburi qərarların qəbul olunması mexanizmlərinə malik olmasa da, onların dünya siyasətinə təsiri bir neçə mühüm istiqamətdə özünü göstərir. Bu cür tədbirlər birbaşa siyasi qərarların qəbuluna nadir hallarda gətirib çıxarsa da, beynəlxalq gündəliyin formalaşmasına və qeyri-formal diplomatiyanın inkişafına əhəmiyyətli töhfə verir.

Ekspert bildirib ki, Azərbaycan üçün belə forumların keçirilməsi ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və regional, eləcə də qlobal siyasətdə rolunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “İlk növbədə, bu platformalar beynəlxalq siyasi gündəliyin formalaşmasına təsir göstərir. Müzakirələr zamanı qlobal problemlərin həlli ilə bağlı yeni yanaşmalar irəli sürülür və bu ideyalar sonradan konkret siyasi təşəbbüslərə və ya beynəlxalq razılaşmaların elementlərinə çevrilə bilər. Oxşar mexanizmi Münhen Təhlükəsizlik Konfransı və Davos Dünya İqtisadi Forumu kimi nüfuzlu qlobal dialoq platformalarında da müşahidə etmişik.

Bu forumların digər mühüm xüsusiyyəti qeyri-formal diplomatik dialoq üçün imkan yaratmasıdır. Rəsmi hökumətlərarası danışıqlardan kənarda aparılan müzakirələr tərəflər arasında etimadın artırılmasına və həssas məsələlərin daha çevik mühitdə müzakirəsinə şərait yaradır.

Y.Hacıyeva vurğulayıb ki, Forum iştirakçılarının əhəmiyyətli hissəsini sabiq dövlət başçıları, nazirlər və diplomatlar təşkil edir. Onlar geniş siyasi təcrübəyə və ölkələrində yüksək nüfuza malik olduqları üçün beynəlxalq münasibətlərin mürəkkəb məsələlərinin qeyri-rəsmi mühitdə müzakirəsinə imkan yaranır. Bu isə kompromis həll yollarının tapılmasına və gələcək rəsmi danışıqlar üçün konseptual zəminin formalaşmasına kömək edir. Belə tədbirlər Forum çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi üçün də əlverişli şərait yaradır. Bir çox hallarda məhz bu görüşlər gələcək diplomatik təşəbbüslərin, iqtisadi razılaşmaların və siyasi məsləhətləşmələrin başlanğıc nöqtəsinə çevrilir.

Yeganə Hacıyeva bildirib ki, böyük beynəlxalq forumların keçirilməsi Azərbaycanın xarici siyasət strategiyasının mühüm elementlərindən biridir. Qlobal Bakı Forumunun mütəmadi təşkili ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verir və Azərbaycanı qlobal siyasi dialoqun fəal ünvanlarından biri kimi təsdiq edir.

“Azərbaycan beynəlxalq əməkdaşlıq platforması kimi öz rolunu gücləndirir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz aktiv xarici siyasəti ilə müxtəlif siyasi və iqtisadi dairələr arasında əlaqələndirici rol oynayır. Belə forumlar dövlətin “yumşaq güc” potensialının güclənməsinə xidmət edən mühüm amillərdəndir. Dünyanın aparıcı siyasətçilərinin, ekspertlərinin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşmasına və diplomatik imkanlarının genişlənməsinə töhfə verir. Azərbaycan bu platformalar vasitəsilə regional və qlobal təhlükəsizlik məsələləri, enerji və nəqliyyat dəhlizlərinin inkişafı, Avropa ilə Asiya arasında əməkdaşlığın genişləndirilməsi kimi təşəbbüslərini beynəlxalq gündəliyə təqdim edir”, - deyə Y.Hacıyeva bildirib.

O, həmçinin belə forumların geniş siyasi və ekspert əlaqələri şəbəkəsinin formalaşmasında da mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür şəbəkələr sonradan diplomatik, iqtisadi və humanitar münasibətlərin inkişafına əhəmiyyətli təsir göstərir.

“XIII Qlobal Bakı Forumu təkcə dünya siyasətinin əsas məsələləri üzrə fikir mübadiləsi üçün vacib platforma deyil, eyni zamanda, diplomatik əməkdaşlığın mühüm alətlərindən biridir”, – deyə Y.Hacıyeva vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
2
azertag.az

10Mənbələr