AZ

Qurban Qurbanov: “Sabah”ın çempionluq şansı daha çoxdur” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün stadionda xeyli qadın azarkeş var idi. Onlara təşəkkür edirəm. Bu gün qadınların bayramıdır, onlara xoşbəxtlik, sağlam həyat arzulayıram. Yaxşı oyun alındı. Həm bolqollu matç keçdi, həm də yaxşı hücumlarımız alındı. Düşündüyümüz, məşqdə etdiklərimizi meydanda gördüm. Bu da çox önəmlidir. Mənə inam verdi ki, futbolçular yavaş-yavaş özlərinə gəlməyə başlayırlar. Yorğunluq, gərginlik qalır deyə, bəzən alınmır. Amma bu gün xeyli yaxşı şeylər gördüm. Narazı qaldığım epizodlar da oldu. Oyundan sonra da futbolçulara bəzi iradları bildirdim ki, onu yaxşılaşdırmalıyıq. İnanıram ki, bir neçə matçdan sonra hər şey qaydasına düşəcək. “Araz-Naxçıvan”a uğurlar arzulayıram. Hesabda geridə olsalar da, öz oyunlarından əl çəkmirdilər.

Oyuna yaxşı köklənmişdik. “Araz-Naxçıvan” indi də, bundan əvvəl də həmişə baxımlı futbol oynayıb. Elmar Baxşıyevin vaxtında da belə idi. Ola bilər ki, onlarla oyunlar bizim idman formamızın yaxşı olduğu vaxta düşür. “Araz-Naxçıvan” bizim üçün heç də asan rəqib olmayıb. Bu gün bəlkə kənardan rahat görünürdük. Amma futbolçularımız çox əziyyət çəkdi, aktiv idilər.

Musa Qurbanlı ardıcıl 3 oyundur qol vurur. Bu, sevindiric haldır. Sonradan meydana girən oyunçuların oyunu dəyişməsi çox çətindir. Buna qabiliyyət və bacarıq lazımdır. Xüsusilə də rəqib müdafiədə sıx oynayanda belə oyunçulara ehtiyac olur. Musada yaxşılığa doğru irəliləyiş çoxdur, həvəsdən düşməməlidir, daim mübarizə aparmalıdır. Yavaş-yavaş böyüyür, hamımız üçün sevindiricidir. Hazırda ondan razıyam”.

Qurban Qurbanov “Qarabağ”ın artıq tam olaraq çempionata kökləndiyini də vurğulayıb:

“Futbolçuların bir az da özünə gəlməsinə ehtiyac var. Həqiqətən bu il ən gərgin illərdən biri oldu. Çempionlar Liqasının oyunları, gözləntilər… Bizim 10 yox, 3-4 xalımız olsaydı, bəlkə daha rahat oynayardılar, heç kimin çox tələbi də olmazdı. Amma hər qələbə gəldikdə, daha çox gözlənti oldu. Futbolçuların məsuliyyəti də artdı. Son oyuna qədər gərginlik oldu. Futbolçular o gərginliyə dözdülər. Çempionat heç də asan deyil. Baxmayaraq ki, bu gün belə hesabla qələbə qazandıq. Hər oyunumuzda son saniyəyə qədər mübarizə gedib. İndidən daha rahat hazırlaşmağa şansımız olacaq. Təəssüf ki, 2 oyundan sonra fasilə olacaq. Komanda bir yerdə olmayacaq. Mənim üçün komandanın bir yerdə olması çox vacibdir. “Sabah”ın şansı daha çoxdur, yaxşı komanda formalaşdırıblar, amma biz sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçuların idman formasını mütləq yaxşılaşdırmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
97
2
arena.az

10Mənbələr