Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubunun heyətində 200-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun yubileyi Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.
Leandro Azərbaycan çempionunun heyətində keçirdiyi 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.
Xatırladaq ki, Andrade “Qarabağ”da 2021/2022-ci illər mövsümündə debüt edib. O, 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.
Qeyd etdiyimiz kimi, Leo Ağdam klubunun heyətində bütövlükdə 200 oyun keçirib. O, bu oyunlarda 54 qola imza atıb, 58 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.
Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
