"Düşmənin sonuncu yuvasını da dağıtmışıq" - İlham Əliyev
"Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız".
aia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənd sakinləri ilə görüşündə deyib.
"Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır.
İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq üçün əsas ilkin şərtlər olmalıdır - elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə “Böyük Qayıdış” prosesi daha sürətlə gedəcək.
Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək", - deyə dövlət başçısı bildirib.