Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.
APA xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb.
İclasda Azərbaycan ilə İran arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, su, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə edilib.
Baş nazirin müavini Şahin Mustafayev çıxışında qeyd edib ki, Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur. Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.
Eyni zamanda, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub. Bildirilib ki, bu xəttin istifadəyə verilməsi Şimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və çatdırılma müddətini qısaldacaq.
Həmçinin iki ölkənin birgə həyata keçirdiyi, xüsusilə də regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsinə, eləcə də enerji dayanıqlılığının təmin edilməsinə yönələn layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
İclasın yekununda həmsədrlər tərəfindən Komissiyanın iclasının nəticələrinə dair Anlaşma Memorandumu imzalanıb.
***
14:05
Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir.
APA xəbər verir ki, Komissiyanın həmsədrləri Azərbaycan Respublikası tərəfindən Baş nazirin müavini Şahin Mustafayevin və İran İslam Respublikası tərəfindən yol və şəhərsalma naziri xanım Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.
Komissiyanın iclasında iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika sahələrində layihələrin icra vəziyyəti müzakirə olunacaq. Xüsusilə, Şimal–Cənub Nəqliyyat Dəhlizinin potensialının tam reallaşdırılması baxımından Rəşt–Astara dəmiryolu xəttinin tikintisi, eyni zamanda iki ölkə üçün prioritet hesab edilən “Xudafərin” və “Qız Qalası” SES-ləri, eləcə də “Ordubad” – “Marazad” SES-ləri layihələri çərçivəsində əməkdaşlıq məsələləri iclasın gündəliyini təşkil edəcək. İclasda Ağbənd-Kəlalə körpüsünün tikintisinin tamamlanmasından sonra körpünün istismara verilməsi müddətinin də müzakirə ediləcəyi gözlənilir.