Bu gün İranın ali rəhbəri Əli Xamenei “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu, son onilliklər ərzində qeydə alınan qeyri-adi hadisə kimi dəyərləndirilir.
Məlumata görə, Hərbi Hava Qüvvələrinin komandirləri görüş mərasimi Tehranda İslam Respublikasının banisi Ruhullah Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneinin iştirakı olmadan baş tutub.
İranlı jurnalist Xəyal Müəzzinin sözlərinə görə,təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Ayətullah Xameneinin bugünkü çıxışı ləğv edilib.
Qeyd olunur ki, bu, son 47 il ərzində ilk dəfədir ki, İslam Respublikasının lideri 19 Bəhmən günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.