AZ

Pul, Güc və Səssiz Cinayətlər: Cefri Epşteynin Qaranlıq Dünyası -ARAŞDIRMA

Cefri Epşteyn XX və XXI əsrin ən qalmaqallı və sirli fiqurlarından biri kimi tarixə düşüb. Onun həyatı pulla, güclə, elit dairələrlə və eyni zamanda ağır cinayətlər, gizli şəbəkələr və cavabsız suallarla dolu olub. Epşteynin hekayəsi təkcə bir insanın yox, həm də qlobal miqyasda ədalət, toxunulmazlıq və məsuliyyət anlayışlarının sorğulanmasına səbəb olub.

Missiya.Az qalmallarla dolu Cefri Epşteynin həyatını araşdırıb.

Orta təbəqədən çıxan Epşteyn gənclik illərində riyaziyyata xüsusi istedadı ilə seçilirdi. Rəsmi ali təhsilini tamamlamamasına baxmayaraq, qısa müddətdə Nyu-Yorkun elit mühitinə daxil olmağı bacardı. Əvvəlcə prestijli məktəbdə müəllim kimi çalışdı, daha sonra isə qəfil şəkildə maliyyə dünyasına keçərək böyük sərvət topladı. Məhz bu mərhələ onun həyatındakı ən müəmmalı dövrlərdən biri hesab olunur, çünki sərvətinin mənbəyi heç vaxt tam aydınlaşdırılmadı.

Rəsmi mənbələrə görə, Cefri Epşteynin sərvəti ölümünə yaxın dövrdə təxminən 500–600 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Lakin bir çox araşdırmaçı bu rəqəmin real məbləği tam əks etdirmədiyini düşünür. Epşteyn özünü “yalnız çox varlı müştərilərin sərvətini idarə edən maliyyə məsləhətçisi” kimi təqdim edirdi və kimlər üçün işlədiyi barədə demək olar ki, heç vaxt açıq danışmırdı.

Onun adına Manhettendə ABŞ-nin ən bahalı şəxsi malikanələrindən biri olan 7 mərtəbəli lüks bina, Florida ştatında villalar, Parisdə mənzil və ABŞ Vircin adalarında məşhur “Little Saint James” adası qeydə alınmışdı. Bu əmlakların ümumi dəyəri yüz milyonlarla dollarla ölçülürdü. Bundan əlavə, Epşteyn bir neçə şəxsi təyyarəyə sahib idi; bu təyyarələr sonradan qalmaqallı uçuş siyahıları ilə ictimaiyyətə tanındı.

Ən diqqətçəkən məqam isə onun sərvətinin demək olar ki, vergilərdən, açıq investisiya fondlarından və klassik biznes modellərindən kənar formalaşması idi. Bu da Epşteynin pullarının mənbəyi, mümkün kölgə maliyyə mexanizmləri və nüfuzlu şəxslərlə gizli razılaşmaları barədə saysız suallar yaratdı. İllər keçdikcə Epşteyn milyonlarla dollar dəyərində mülklərin sahibi olmaqla yanaşı, bu sərvəti güclü əlaqələr qurmaq üçün də istifadə etdi. Siyasətçilər, milyarderlər, elm adamları və hətta kral ailəsi üzvləri ilə yaxın münasibətləri onun uzun müddət toxunulmaz qalmasına zəmin yaratmış kimi görünürdü.

Lakin Epşteynin adı daha çox yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamları ilə yadda qaldı. İlk məhkəmə prosesində aldığı yüngül cəza cəmiyyətdə böyük narazılıq yaratdı və ədalət sisteminin varlı və nüfuzlu şəxslərə qarşı fərqli davrandığı fikrini gücləndirdi. İllər sonra yenidən həbs olunması isə bu işin əsl miqyasını üzə çıxarmağa başladı. 2019-cu ildə Epşteynin həbsxanada ölü tapılması hadisəni daha da mürəkkəbləşdirdi. Rəsmi olaraq intihar kimi qeydə alınsa da, baş verən texniki uyğunsuzluqlar və onun ifadə verməyə hazırlaşması bu ölümün ətrafında ciddi şübhələr yaratdı. Bu gün belə Epşteyn işi cəmiyyət üçün tam bağlanmış hesab edilmir.

Cefri Epşteynin hekayəsi göstərdi ki, pul və güc bəzən uzun müddət həqiqəti gizlədə bilir. Onun adı artıq tək bir insanı deyil, qlobal miqyasda uşaqların təhlükəsizliyi, elit dairələrin məsuliyyəti və ədalətin kimlər üçün necə işlədiyi suallarını simvolizə edir. Məhz buna görə də Epşteyn işi hələ də dünya ictimaiyyətinin diqqətində qalmaqda davam edir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
89
50
missiya.az

10Mənbələr