AZ

Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur

Xəbər verdiyimiz kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə isə təyinat olmayıb.

"Unikal"ın məlumatına görə, bununla da Azərbaycanda başçının olmadığı icra hakimiyyətlərinin sayı 6-ya çatıb. Belə ki, hazırda 1 şəhər və 5 rayonun icra başçısı yoxdur.

2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

2025-ci ilin 12 noyabr tarixində Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda Gədəbəy rayonunun icra başçısı vəzifəsi boşdur.

Elə həmin gün - 2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad olunub. E.İbrahimov həmin ilin noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. O, cəmi 47 gün Nəsimi rayonunun icra başçısı postunda qala bildi. Onun işdən çıxarılması geniş rezonans doğurmuşdu.

Ağdərə rayonun da icra başçısı yoxdur. Belə ki, 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Hələlik başçı vəzifəsinə təyinat olmayıb.

Murad İbrahimli


 

Seçilən
65
24
unikal.az

10Mənbələr