30 yanvar tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” həyata keçirilib.
Beş yüzə yaxın Azərbaycan Könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafının təmin edilməsi, könüllü təşkilatları arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.
Dövlət himninin səsləndirilməsi ilə başlayan forumda Milli Məclisin deputatları, Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, qonaqlar və könüllülər iştirak ediblər.
Forumda çıxış edənlər Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini vurğulayıb, bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu bildiriblər. Qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verərək, eyni zamanda, cəmiyyətə xidmətin mühüm bir formasıdır. Forum könüllü təşkilatlarının bir araya gəlməsi və könüllü gənclərin şəbəkələşməsi üçün mühüm platformadır.
Eyni zamanda forum çərçivəsində “Turizm Könüllüləri” İctimai Birliyinin sədri Nurlana Paşayeva, "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətinin şəxsi və peşəkar inkişafda mühüm rol oynadığını vurğulayıblar.
Sonra forumda gənc regional nümayəndələr və bir qrup könüllü gənclər 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra musiqili bədii proqram dinlənilib.
Sözügedən forumda TEDx çıxış formatında spiker və təlimçi Füsun Bağırlı “Könüllülüyün şəxsi və peşəkar inkişaf üçün yaratdığı imkanlar” mövzusunda çıxış edərək könüllülüyün uzunmüddətli perspektivdə gənclərin həyatına və gələcək karyera seçimlərinə təsirini vurğulayıb.
Sonda xatirə fotosu çəkilib.