Bakı Mühəndislik Universiteti (BMU) ilə Özbəkistan Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Namangan Dövlət Texniki Universiteti (NamDTU) arasında ilk onlayn görüş baş tutub. Görüşdə hər iki universitetin professor-müəllim heyəti iştirak edib.
AzEdu.az xəbər verir ki, görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə birgə elmi tədqiqatların həyata keçirilməsi, akademik heyət və tələbə mübadiləsi, o cümlədən qış və yay məktəbləri çərçivəsində proqramların təşkili, beynəlxalq layihələr, habelə yeni tərəfdaşlıq formatlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül vurğulayıb ki, Özbəkistanın aparıcı texniki ali təhsil müəssisələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi BMU üçün xüsusi əhəmiyyət daşıyır. Əlavə edib ki, hər iki ölkə arasındakı dost, qardaş münasibətlər, həmçinin universitetlərin geniş potensialı əməkdaşlığın daha da gücləndirilməsi baxımından geniş imkanlar yaradır.
Müzakirələr zamanı NamDTU-nun regionda texniki təhsil, mühəndislik və innovasiya sahələrində aparıcı mövqeyə malik olduğu, elmi-tədqiqat fəaliyyətinin təşkili istiqamətində mühüm rol oynadığı qeyd edilib, universitetin elmi potensialı və sənaye ilə əməkdaşlıq təcrübəsi yüksək qiymətləndirilib.
Həmçinin görüşdə universitetlərin regional sənaye sahələrinin inkişafındakı rolu, eləcə də gələcək strateji hədəfləri barədə təqdimatlar edilib. Tərəflər bir sıra istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi, Özbəkistan-Azərbaycan birgə layihələr müsabiqəsinə əməkdaşlıq əsasında ortaq layihənin təqdim edilməsi və yaxın gələcəkdə universitetlər arasında anlaşma memorandumunun imzalanması barədə ilkin razılığa gəliblər.

